Bakı. Trend:
Xəzər dənizinin idarə olunması və qarşıdakı iqlim çağırışlarına cavab verilməsi üçün regional əməkdaşlığın gücləndirilməsi zəruridir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu BMT-nin Layihə Xidmətləri Ofisinin (UNOPS) çoxölkəli direktoru Simonetta Siliqato "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar: Xəzər dənizi nümunəsində" adlı panel sessiyada deyib.
O bildirib ki, regional əməkdaşlığın Xəzər dənizinin praktiki idarə olunmasının ayrılmaz hissəsinə çevrilməsi üçün məlumat və bilik mübadiləsini yaxşılaşdıran, eləcə də davamlı maliyyələşməni təmin edən təsisatlara ehtiyac var.
"Bu əməkdaşlıq yalnız hökumətlərlə məhdudlaşa bilməz. Bizə tədqiqat institutları, beynəlxalq maliyyə təşkilatları və inkişaf tərəfdaşları lazımdır. Lakin ən əsası, yerli icmalar və özəl sektor da bu prosesə cəlb olunmalıdır. Çünki real fəaliyyətlər məhz yerli səviyyədə baş verir və yerli icmalar prosesə qoşulmadan əldə edəcəyimiz təsir arzulanan səviyyədə olmayacaq", - deyə S.Siliqato bildirib.
Onun sözlərinə görə, qarşıdakı onilliklər ərzində Xəzər dənizində potensial olaraq kəskin və dramatik dəyişikliklər baş verə bilər.
"Burada həqiqətən təxirəsalınmaz bir zərurət var. Qarşıdakı onilliklər ərzində Xəzər dənizində potensial olaraq kəskin və dramatik dəyişikliklərlə qarşı-qarşıyayıq. Bu, artıq yalnız ekoloji məsələ deyil. Bu problem infrastruktura, limanlara, nəqliyyata, yerli iqtisadiyyata və əhalinin dolanışıq vasitələrinə, eləcə də su təhlükəsizliyi və biomüxtəlifliyə birbaşa təsir göstərir", - o qeyd edib.
UNOPS rəsmisi hesab edir ki, Xəzər regionunda əməkdaşlığın gücləndirilməsi üçün ciddi iqtisadi əsaslar da mövcuddur.
"Eyni regional problemə beş ölkənin bir-birindən təcrid olunmuş şəkildə cavab verməsi birgə və koordinasiyalı səylərdən müqayisəolunmaz dərəcədə baha başa gələcək və səmərəliliyi də qat-qat aşağı olacaq", - deyə o vurğulayıb.
S.Siliqato UNOPS-un bu istiqamətdə praktiki rolundan da danışıb.
"Biz qəbul edilmiş siyasi öhdəlikləri və elmi bilikləri real tətbiq oluna bilən və maliyyələşdirilən proqramlara çevirməyə kömək edə bilərik. Bunun üçün hökumətlər, maliyyə tərəfdaşları, özəl sektor və qeyd etdiyim kimi, yerli icmalarla çiyin-çiyinə çalışmalıyıq", - UNOPS-un çoxölkəli direktoru bildirib.
O əlavə edib ki, Xəzər dənizi üzrə əldə olunan təcrübə digər transsərhəd su hövzələri üçün də nümunə ola bilər.
"Xəzər dənizi təcrübəsindən çıxarılacaq daha geniş dərs ondan ibarətdir ki, bu model yalnız burada dayanmamalıdır. Dünyada bir çox qapalı su hövzələri oxşar iqlim təzyiqləri ilə üz-üzədir. Əgər biz toplanmış elmi biliklərin, birgə platformaların və ümumi planlaşdırmanın burada effektiv işlədiyini nümayiş etdirə bilsək, digər transsərhəd su hövzələrində də tətbiq edilə biləcək uğurlu bir model yaratmış olarıq", - deyə S.Siliqato bildirib.
Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.
İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.