Bakı. Trend:
Xəzər dənizində su səviyyəsinin azalmasının davam etməsi liman infrastrukturu və gəmiçilik fəaliyyəti üçün əlavə tədbirlərin görülməsini zəruri edə bilər.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “İçməli su hövzələrində iqlim dəyişikliklərinin yaratdığı problemlər: Xəzər dənizi nümunəsi” mövzusunda paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, su səviyyəsinin azalması fonunda kanalların dərinləşdirilməsi mümkün həll yollarından biridir.
“Biz kanalları dərinləşdirə bilərik, bunda problem yoxdur. Lakin yanalma körpüləri ilə bağlı vəziyyət fərqlidir. Əgər bu proses davam edərsə, kanalları qazmaqdan daha çox yanalma körpülərini uzatmağa ehtiyac yarana bilər”, — deyə Ə.Əzizli bildirib.
ASCO rəsmisi qeyd edib ki, su səviyyəsinin azalmasının gəmiçilik baxımından müəyyən həddi var.
“Qırmızı xətt var və limanda suyun səviyyəsi 20 santimetr aşağı düşüb. Əgər bu proses davam edərsə, biz yanalma körpülərini uzatmalıyıq”, — deyə o vurğulayıb.
Ə.Əzizlinin sözlərinə görə, ASCO hazırda əsas diqqəti naviqasiyanın təhlükəsizliyinin daha düzgün və dəqiq idarə olunmasına yönəldir.
“Biz yalnız naviqasiya təhlükəsizliyimizi daha yaxşı və daha dəqiq şəkildə idarə etməyə çalışırıq. Naviqasiya xəritələrini izləyir, düzəlişləri vaxtında kapitanlarımıza çatdırmağa çalışırıq. Bu məsələdə dəniz administrasiyası da bizə kömək edir. Bundan əlavə, düzgün kommunikasiya və daha ehtiyatlı üzmə həyata keçiririk”, — deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.
İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.