Bakı. Trend:
Xəzər dənizi regionunda yeni ərazilərin istifadəyə verilməsi zamanı təbiətəsaslı həllərə üstünlük verilməli və ekoloji tarazlıq qorunmalıdır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar: Xəzər dənizi nümunəsində" adlı panel sessiyada deyib.
O bildirib ki, yeni ərazilərin mənimsənilməsi zamanı yalnız infrastrukturun yaradılmasının ilkin iqtisadi aspektlərinə diqqət yetirmək düzgün deyil.
"Biz hamımız yadda saxlamalıyıq ki, ağacların kəsilməsi meşələrin təmin etdiyi ekosistem xidmətlərinin əhəmiyyətini lazımi səviyyədə qiymətləndirməməyimizə gətirib çıxardı. Nəticədə daşqınlar və həmin vaxt gözlənilməyən bir sıra digər problemlərlə qarşılaşdıq. Bütün bunlar sadəcə oduncaq və digər resursların əldə edilməsi məqsədilə təbiətin imkanlarının nəzərə alınmaması səbəbindən baş verdi", - deyə İ. Serageldin qeyd edib.
Onun sözlərinə görə, mövcud vəziyyətlə bağlı regional əməkdaşlıq proqramının həyata keçirilməsi mümkün olarsa, üç əsas istiqamətə diqqət yetirilməlidir.
"Birincisi, elm, modelləşdirmə, ölçmələr və baş verən proseslərlə bağlı erkən xəbərdarlıq siqnalları üzrə əməkdaşlıq edilməlidir. Region üzrə bu məlumatlar texniki səviyyədə paylaşılmalı və siyasi qərarların qəbuluna əsas yaratmalıdır", - İ. Serageldin vurğulayıb.
O qeyd edib ki, ikinci mühüm istiqamət yerli icmaların prosesə cəlb edilməsidir.
"Yerli icmalar cəmiyyətin baş verən proseslərdən birbaşa təsirlənən hissəsidir. Onlar sahilboyu ərazilərdə baş verən dəyişikliklərdən dərhal zərər görə və ya əksinə, faydalana bilərlər", - deyə o bildirib.
İsmayıl Serageldin üçüncü istiqamət kimi mümkün olduğu hallarda təbiətəsaslı həllərə üstünlük verilməsinin vacibliyini qeyd edib.
"Üçüncüsü və məncə, son dərəcə vacib olan məsələ mümkün olduğu qədər təbiətəsaslı həllərə üstünlük vermək və bu tarazlığı qorumağın yollarını tapmaqdır", - deyə o bildirib.
O əlavə edib ki, insanların fəaliyyəti yalnız iqlimə deyil, həm də hidroloji dövrana ciddi təsir göstərir.
"Su İqtisadiyyatı üzrə Qlobal Komissiyanın qeyd etdiyi kimi, biz indi ilk dəfə olaraq insan fəaliyyəti nəticəsində yalnız iqlimə deyil, həm də hidroloji dövrana təsir göstəririk. Hamımız hesab edirdik ki, hidroloji dövran dəyişməzdir: su burada buxarlanır, sonra hərəkət edir və başqa yerdə yağış şəklində yerə düşür. Lakin hazırda "yaşıl su" və "mavi su" adlandırılan su ehtiyatları arasındakı tarazlıq dəyişir və bunun böyük hissəsi insan fəaliyyətindən qaynaqlanır", - o deyib.
İ.Serageldinin sözlərinə görə, hidroloji dövranın qorunması qlobal ictimai nemət kimi qəbul edilməli və layihələrin iqtisadi qiymətləndirilməsində nəzərə alınmalıdır.
"Artıq bunun qayğısına qalmağın və hidroloji dövranın, eləcə də onun qlobal ictimai nemət kimi qorunmasının iqtisadi qiymətləndirmə çərçivəsinə daxil edilməli olduğunu qəbul etməyin vaxtıdır. İnsan fəaliyyəti bu prosesə təsir edir və layihə və investisiyaların qiymətləndirilməsində bu amil mütləq nəzərə alınmalıdır", - deyə o vurğulayıb.