Bakı. Trend:
Şamaxı Dövlət Regional Kolleci və Astara Pedaqoji Kollecinin rəhbər heyətinə yeni təyinatlar olub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, müvafiq əmrə əsasən, Lətifə Sadıqova Şamaxı Dövlət Regional Kollecinə tərbiyə işləri üzrə, Fatimə Məmmədova isə Astara Pedaqoji Kollecinə tədris işləri üzrə direktor müavini təyin edilib.
L.Sadıqova Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb, hazırda ADA Universitetində “Təlim və tədrisin təşkili metodikası” ixtisası üzrə magistratura təhsilini davam etdirir.
O, 2021-ci ildən Qobustan şəhər A.Çernyayevski adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində riyaziyyat və rəqəmsal bacarıqlar müəllimi, 2025-ci ildən son təyinatadək isə Bakı İlahiyyat Kollecində riyaziyyat və informatika müəllimi kimi çalışıb.
F.Məmmədova Bakı Slavyan Universitetində “Rus dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr təhsili alıb. O, həmçinin 2023–2026-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Menecment” ixtisası üzrə ikinci bakalavr təhsili alıb.
F.Məmmədova bir sıra özəl təhsil müəssisələrində, eləcə də Bakı İstanbul Liseyində rus dili və ədəbiyyatı fənnini tədris edib, təhsilalanların inkişafının qiymətləndirilməsi, tədris proqramlarının hazırlanması və qrup idarəetməsi istiqamətlərində fəaliyyət göstərib.