Bakı. Trend:
"DataRace"in ilk yarışının qalibləri mükafatlandırılıb.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) yaratdığı “DataRace” platformasının ilk yarışının nəticələri rəsmi mükafatlandırma mərasimində açıqlanıb.
“Apar”ın tərəfdaşlığı ilə keçirilən yarışda real biznes çağırışının həlli üçün 300-dən çox süni intellekt yanaşması təqdim olunub və ən yüksək nəticə göstərən iştirakçılar mükafatlandırılıb.
Tədbirdə çıxış edən Milli Süni İntellekt Mərkəzinin Baş məhsul sahibi İbrahim Süleymanov bildirib ki, "DataRace"in yaradılmasında əsas məqsədlərdən biri gənclərə və mütəxəssislərə müxtəlif sahələr üzrə real data ilə işləmək imkanı yaratmaq, eyni zamanda şirkətlərin data əsaslı biznes problemlərinin həllinə yerli istedadları cəlb etməkdir.
O qeyd edib ki, platforma Azərbaycanda süni intellekt ekosisteminin gücləndirilməsi, yerli istedadların aşkarlanması və onların şirkətlərlə əməkdaşlığının qurulması baxımından yeni imkanlar yaradır. İ.Süleymanov şirkətləri öz real biznes problemlərini və datalarını "DataRace" vasitəsilə təqdim etməyə çağırıb.
Milli Süni İntellekt Mərkəzinin süni intellekt üzrə məhsul sahibi Özcan Həsənov isə bildirib ki, "DataRace" Azərbaycanın Süni İntellekt Strategiyasının 8.3-cü bəndinə əsasən yaradılıb. Platformanın hazırlanması zamanı beynəlxalq təcrübə, o cümlədən süni intellekt və data elmi yarışlarının keçirildiyi qlobal platformaların fəaliyyəti araşdırılıb.
Onun sözlərinə görə, layihə çərçivəsində 10-dan çox sektoru təmsil edən 100-dən artıq şirkətlə görüş keçirilib. İlk yarışın biznes problemi “Apar”la müzakirələr əsasında müəyyənləşdirilib və istifadəçi rəylərinin süni intellekt vasitəsilə təsnifləşdirilməsi üzərində qurulub.
Yarış üçün təqdim edilən məlumatlar fərdi, məxfi və strateji məlumatlardan təmizləndikdən sonra iştirakçıların istifadəsinə verilib. İştirakçılar datasetlər əsasında öz süni intellekt modellərini hazırlayıb, nəticələrini platformaya təqdim ediblər. Modellər avtomatlaşdırılmış qiymətləndirmə sistemi vasitəsilə dəyərləndirilib.
Ö.Həsənov bildirib ki, ilk yarış 20 gün davam edib. Platformada 900-dən çox şəxs qeydiyyatdan keçib, yarışda isə 630-dan çox iştirakçı qüvvəsini sınayıb. Yarış müddətində platformanın müzakirə forumlarında 50-dən çox mövzu üzrə bilik və təcrübə mübadiləsi aparılıb.
Milli Süni İntellekt Mərkəzinin Baş kommersiya direktoru Ülfan Əliyev çıxışında "DataRace"in yalnız İT sahəsi ilə məhdudlaşmayacağını bildirib. Onun sözlərinə görə, platforma vasitəsilə nəqliyyat, istehsalat, kibertəhlükəsizlik, kritik infrastruktur, təhsil və digər sahələr üzrə real problemlərin həlli üçün süni intellekt modellərinin hazırlanması mümkündür.
O qeyd edib ki, nəqliyyatda çatdırılma vaxtının proqnozlaşdırılması və marşrutların optimallaşdırılması, kibertəhlükəsizlikdə fişinq hücumlarının aşkarlanması, kritik infrastrukturlarda boru kəmərlərində mümkün sızmaların əvvəlcədən müəyyənləşdirilməsi kimi məsələlər "DataRace" formatında həll oluna biləcək potensial biznes çağırışları sırasındadır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal inkişaf və innovasiya şöbəsinin baş məsləhətçisi Zöhrab Rzazadə isə "DataRace"i şirkətlərlə yerli istedadlar arasında körpü kimi qiymətləndirib.
O bildirib ki, platforma istedadlara real data ilə işləmək imkanı verir, şirkətlər isə öz biznes problemlərinin həllinə bacarıqlı mütəxəssisləri cəlb edə bilirlər. Z.Rzazadənin sözlərinə görə, növbəti mərhələdə yeni şirkətlərin platformaya qoşulması "DataRace"in əhatə dairəsini daha da genişləndirə bilər.
AZCON Holding-in Rəqəmsal transformasiya departamentinin Müəssisə arxitekturası şöbəsinin müdiri Fəxri Hüseynov da müasir idarəetmədə datanın roluna diqqət çəkib.
“Data gələcək deyil, data artıq bizim bu günümüzdür”, – deyən F.Hüseynov bildirib ki, müasir biznesdə qərarların böyük həcmdə məlumatın təhlilinə əsaslanması getdikcə daha vacib olur.
Onun sözlərinə görə, "DataRace" nəzəri biliklərin real sektorun ehtiyaclarına tətbiqinə, istifadə olunmayan məlumatlardan biznes üçün faydalı nəticələrin əldə edilməsinə və gənc mütəxəssislərin real layihələr üzərində təcrübə qazanmasına imkan yaradır.
F.Hüseynov AZCON Holding-in Milli Süni İntellekt Mərkəzinin təşəbbüsünü dəstəklədiyini bildirib və gələcəkdə holdinqə daxil olan şirkətlərin dataları əsasında iştirakçılarla birgə yeni həllərin hazırlanması imkanlarının olduğunu qeyd edib.
Tədbirin sonunda "DataRace" platformasının ilk yarışında ən yüksək nəticə göstərən iştirakçılar mükafatlandırılıb.
“DataRace”in növbəti mərhələsində müxtəlif sektorların real çağırışları əsasında yeni yarışların elan olunması və tərəfdaşlıq imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Platforma bununla süni intellekt (Sİ) istedadlarının praktik bacarıqlarının inkişafına və real sektor problemləri üzrə yeni yanaşmaların formalaşmasına töhfə verməyə davam edəcək.







