Bakı. Trend:
Rusiya Federasiyasının Əqli Mülkiyyət üzrə Federal Xidmətinin (ROSPATENT) Federal Dövlət Büdcəsi Müəssisəsi “Federal Sənaye Mülkiyyəti İnstitutu”nun “Vestnik FIPS” elmi-praktik jurnalının 2026-cı ildə çapdan buraxılmış 2-ci nömrəsində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “İnformasiya, bilik, əqli fəaliyyət nəticəsi əqli mülkiyyət sistemində” adlı geniş məqaləsi dərc olunub.
Bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.
Bildirilib ki, “Vestnik FIPS” dünyada böyük nüfuza malik olan nəşrlər sırasındadır. Əqli mülkiyyət sahəsində elmi fəaliyyətin nəticələrini işıqlandırır, sənaye mülkiyyəti və patent institutu sahəsində qabaqcıl ideya və tədqiqatlara geniş yer ayırır, habelə əqli mülkiyyətin aktual məsələlərinə dair tanınmış mütəxəssislərin məqalələrini dərc edir.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri K.İmanovun jurnalda dərc edilmiş məqaləsində də bilik iqtisadiyyatının inkişafın dominant paradiqmasına çevrildiyi müasir dünyada əqli mülkiyyətin mahiyyəti, mənşəyi və dövriyyəsi məsələləri geniş təhlil olunur. Qeyri-maddi nemətləri (bilik, informasiya və yaradıcı ideyalar nəzərdə tutulur) istehsalın əsas resursları kimi xarakterizə edən müəllif onların hüquqi və iqtisadi təsnifatının bir sıra fundamental çətinliklərlə bağlı olduğunu vurğulayır. Qeyd edir ki, innovasiyalar əsasında sosial-iqtisadi inkişafdan irəli gələn yeni reallıqlar “əqli mülkiyyət” (ƏM) kateqoriyasının özünün institusional baxımdan yenidən dərk edilməsini və möhkəmləndirilməsini zəruri amilə çevirir. Müəllifin fikrincə, biliyin əsas istehsal resursu kimi çıxış etdiyi şəraitdə “ƏM” kateqoriyası iqtisadi və sosial-mədəni sfera ilə sıx qarşılıqlı əlaqədədir və fənlərarası yanaşma tələb edir.
K.İmanov oxycuların diqqətini həm də ona yönəldir ki,“müasir “ƏM” kateqoriyası anlayışı yalnız fiziki və ya hüquqi şəxsin əqli fəaliyyət nəticələrinə (ƏFN) dair müstəsna hüquqlarını deyil, ilk növbədə hüquqi mühafizə hüquqları ilə təmin edilmiş ƏFN-in özünü nəzərdə tutur”.
Bu, çox mühüm elmi nəticədir. Burada ƏM institutunun emergentliyinin sistemli şəkildə dərk edilməsi özünü göstərir ki, bu da hüquqla (hüquqşünaslıqla) yanaşı, eyni zamanda həmin institutun iqtisadi və sosial-mədəni əhəmiyyətinin dərk edilməsini tələb edir.
Professor K.İmanovun məqaləsində informasiya, bilik, əqli fəaliyyət nəticələri və əqli mülkiyyət arasındakı qarşılıqlı əlaqənin analizi verilir. Müəllif xüsusi olaraq vurğulayır ki, əqli mülkiyyət bilik kimi meydana çıxır, yalnız obyektiv formaya çevrildikdən sonra hüquqi qorunma əldə edir və biliyi müstəsna hüquqlar vasitəsilə iqtisadi resursa çevirir.
Məqalədə əqli fəaliyyət nəticələrinin fəlsəfi və hüquqi anlayışları arasındakı fərqlər, eləcə də “informasiya” və “bilik” anlayışlarının qarşılıqlı əlaqəsi əqli mülkiyyət sahəsində müasir çağırışlar kontekstində təhlil olunur. Tədqiqatın elmi yeniliyi isə əqli fəaliyyət nəticələri ilə əqli mülkiyyət arasındakı əlaqənin klassik yanaşma və qeyri-səlis məntiqdən istifadə etməklə araşdırılmasındadır. Müəllif əqli mülkiyyət münasibətlərinin modelləşdirilməsi və onların süni intellekt sistemlərində tətbiqi üçün qeyri-səlis məntiq və qeyri-səlis neyron şəbəkələr metodlarından istifadənin daha məqsədəuyğun olduğunu göstərir.
“İnformasiya - bilik - ƏFN - əqli mülkiyyət obyekti” formulunun əsas götürüldüyü məqalədə əqli mülkiyyət obyektləri (ƏMO) hüquqlarla təmin edilmiş əqli fəaliyyət nəticələri (ƏFN) kimi şərh olunur. Müəllif ƏMO-nin hüquqlarla təmin olunan ƏFN kimi ifadə edilməsinə üstünlük verir və bu yanaşma əqli mülkiyyət üzrə mütəxəssislər arasında böyük maraq doğurur.
K.İmanovun fikrincə, “ƏFN-ə hüquq subyektiv və yalnız fərdə məxsus olan biliyin obyektivləşdirilməsi və ya transformasiyası prosesində yaranır, yəni bilik obyektiv, maddi daşıyıcıya köçürülə bilən bir formaya çevrilir. Bu zaman ƏFN “maddiləşir”, qavranılan olur və bununla da “əqli mülkiyyət obyekti” statusu qazanır”.
Beləliklə, əqli mülkiyyət bilik və informasiya kimi qeyri-maddi aktivləri qorumaqla universal təbii resurslar kimi qəbul edilən yaradıcılıq qabiliyyətlərinin və innovasiyaların keşiyində dayanır.
K.İmanovun gəldiyi nəticələrdən biri budur ki, “subyektiv biliklə obyektiv mədəni fakt arasında yerləşən kateqoriya kimi ƏFN fəlsəfi baxımdan hüquqi anlayışın həcmindən daha geniş məna daşıyır”.
Müəllif “informasiya”, “bilik” və “ƏFN” anlayışları arasında əlaqələrin geniş izahını verir, habelə informasiyanın subyektivləşdirilməsi və biliyin obyektivləşdirilməsi prosesində informasiya ilə biliyin qarşılıqlı çevrilə bilməsini müəyyən edir. Məqalədə həmçinin bu anlayışların mahiyyət, forma, subyektivlik və hüquqi status baxımından müqayisəli sxemləri təqdim olunur.
Qeyd etmək lazımdır ki, ƏM anlayışının izahı bir sıra normativ hüquqi aktlarda, o cümlədən “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarçı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əks tapmışdır.
Məqalə əqli mülkiyyət, hüquq, fəlsəfə, informasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrinə aid biliklərin kəsişməsində hazırlanmışdır. Əldə olunan nəticələr isə qanunvericiliyin təkmilləşdirilməsi və rəqəmsal mühitdə aktivlərin idarə edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Alimlər, gənc tədqiqatçılar, hüquqşünaslar və tələbələr K.İmanovun “Vestnik FIPS” (“Вестник ФИПС”) jurnalının 2-ci nömrəsində dərc olunmuş “İnformasiya, bilik, əqli fəaliyyət nəticəsi əqli mülkiyyət sistemində” adlı məqaləsindən faydalana bilərlər.
K.İmanovun məqaləsinin tam mətni ilə buradan tanış ola bilərsiniz.