Bakı. Trend:
Azərbaycanın müdafiə qüdrətinin formalaşması və davamlı şəkildə gücləndirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu siyasətin əsas məqsədlərindən biri güclü, müasir və yüksək texnologiyalara əsaslanan ordu yaratmaqla yanaşı, onun silah və hərbi texnika ilə təminatında milli imkanları genişləndirmək, müdafiə sənayesini formalaşdırmaq və ölkənin xarici asılılığını minimuma endirmək olub.
Sentyabrın 30-da Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanışlığı bu siyasətin nəticələrinin növbəti dəfə nümayişi baxımından mühüm hadisədir.
Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, regionun ən böyük ixtisaslaşmış müdafiə sərgilərindən birinə çevrilən “ADEX” Azərbaycanın hərbi sənaye potensialının təqdim olunduğu məkan olmaqla yanaşı, beynəlxalq hərbi-texniki əməkdaşlığın mühüm platformasıdır:
“Müxtəlif ölkələrdən şirkətlərin, hərbi nümayəndə heyətlərinin və müdafiə sənayesi üzrə mütəxəssislərin Bakıda bir araya gəlməsi Azərbaycanın bu sahədə qazandığı mövqeyin göstəricisidir. Bu gün “ADEX”in əhəmiyyəti nümayiş etdirilən silah və hərbi texnikanın çeşidi ilə məhdudlaşmır. Sərgi yeni əməkdaşlıqların qurulmasına, təcrübə mübadiləsinə, müasir texnologiyaların öyrənilməsinə, birgə layihələrin müzakirəsinə və Azərbaycan müdafiə sənayesi məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradır. Başqa sözlə, “ADEX” artıq Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına, ölkəmizin hərbi-texniki əməkdaşlıq sahəsində formalaşdırdığı milli brendə çevrilib. Bu nəticələrin arxasında isə illər əvvəl müəyyənləşdirilmiş uzaqgörən dövlət siyasəti dayanır”.
Vaxtında qəbul edilmiş strateji qərar
Deputat bildirib ki, bu gün Azərbaycanın müdafiə sənayesindən danışarkən ilk növbədə, Prezident İlham Əliyevin uzaqgörən siyasətini qeyd etmək lazımdır:
“2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında qərar ölkənin hərbi potensialının gələcək inkişafına hesablanmış mühüm strateji addım idi. Həmin dövrdə Azərbaycanın müdafiə sənayesi imkanları indiki səviyyədən olduqca uzaq idi. Lakin Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsəd aydın idi. Azərbaycan öz ordusunun silah və texnika təminatında yalnız xarici mənbələrdən asılı qalmamalı, milli istehsal imkanlarını yaratmalı və zaman keçdikcə öz hərbi sənayesini inkişaf etdirməli idi. Bu, adi bir sənaye layihəsi deyildi. Bu, dövlətin təhlükəsizliyi, ordunun döyüş qabiliyyəti və milli suverenliyi ilə birbaşa bağlı strateji seçim idi. Bu gün həmin qərarın nəticələri göz önündədir. Həmin prosesin başlaması nəticəsində artıq Azərbaycanda 1000-dən çox adda müdafiə təyinatlı məhsul istehsal olunur. Müxtəlif növ atıcı silahlar, sursatlar, zirehli texnika, pilotsuz uçuş aparatları, kamikadze dronlar, robot sistemləri, dəniz sistemləri və digər müdafiə məhsulları artıq milli istehsalın imkanlarını nümayiş etdirir”.
Tarixi Zəfərin arxasında dayanan imkanlar
S.Salmanova qeyd edib ki, Azərbaycanın müdafiə sənayesinin inkişafında 44 günlük Vətən müharibəsi ayrıca mərhələ təşkil edir:
“Azərbaycan Ordusunun 2020-ci ildə əldə etdiyi tarixi Zəfər xalqımızın hərbi gücünü bütün dünyaya nümayiş etdirdi. Bu Zəfərin əsasını Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılmış güclü ordu, yüksək döyüş hazırlığı, hərbi qulluqçularımızın qəhrəmanlığı və peşəkarlığı təşkil edirdi. Bununla yanaşı, müasir silah və texnologiyaların, o cümlədən yerli müdafiə sənayesinin imkanlarının tətbiqi də mühüm rol oynadı. Yerli istehsal olan silah-sursat, pilotsuz uçuş aparatları və digər hərbi təyinatlı vasitələrin real döyüş şəraitində tətbiqi milli müdafiə sənayesinin qarşısında yeni imkanlar açdı. Müharibə həm də istehsal olunan məhsulların sınaqdan keçirilməsi, onların təkmilləşdirilməsi və yeni texnoloji həllərin hazırlanması baxımından mühüm təcrübə yaratdı. Ən başlıcası isə Azərbaycanın hərbi gücünün yalnız alınmış silahlarla deyil, özünün yaratdığı istehsal və texnoloji imkanlarla da möhkəmləndirildiyi ortaya çıxdı. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri kimi, müdafiə sənayesinin inkişafı da Azərbaycanın öz gücünə arxalanaraq gələcəyini qurmasının göstəricisidir”.
“Made in Azerbaijan” müdafiə sənayesində
Deputat bildirib ki, müdafiə sənayesinin inkişafı artıq yalnız daxili tələbatın ödənilməsi ilə məhdudlaşmır:
“Azərbaycan öz məhsullarını xarici bazarlara çıxarır, hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir. Bu baxımdan “Made in Azerbaijan” brendinin müdafiə sənayesində də formalaşması mühüm hadisədir. Müxtəlif növ müdafiə məhsullarının 30-dan çox ölkəyə ixrac edilməsi ölkəmizin bu sahədə istehsal imkanlarının və beynəlxalq əməkdaşlıq potensialının göstəricisidir. 2023-cü ildə “Azərsilah” Müdafiə Sənayesi Holdinqinin yaradılması isə müdafiə sənayesinin qarşısında yeni imkanlar açdı. İstehsal imkanlarının daha çevik idarə olunması, müəssisələr arasında əlaqələndirmənin gücləndirilməsi, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və ixrac potensialının artırılması bu mərhələnin əsas istiqamətlərindəndir”.
S. Salmanova bildirib ki, hazırda Azərbaycanın qarşısında duran vəzifə bu inkişaf dinamikasını qorumaq, milli texnoloji imkanları daha da genişləndirmək və müdafiə sənayesini yeni mərhələyə yüksəltməkdir:
“İyirmi il əvvəl müdafiə sənayesinin yaradılması istiqamətində atılan addımlar bu gün Azərbaycanın hərbi gücünün mühüm dayaqlarından birinə çevrilib. “ADEX 2026” isə həmin siyasətin nəticələrini yalnız ölkə ictimaiyyətinə deyil, dünyanın müdafiə sənayesi ictimaiyyətinə də nümayiş etdirir. Prezident İlham Əliyevin illər əvvəl müəyyənləşdirdiyi strateji xəttin bu gün real nəticələrə çevrilməsi Azərbaycanın müdafiə sənayesində əldə etdiyi nailiyyətlərin əsas mahiyyətini təşkil edir”.