Bakı.Trend:
Azərbaycanda American Express ödəniş kartları üzrə əməliyyatların həcmi 700 min manatı ötüb.
Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, cari ilin avqust ayının sonuna Azərbaycanın rezidenti olan maliyyə institutları tərəfindən buraxılmış American Express kartları (statistik vahidlərin ödəniş kartları da daxil olmaqla) üzrə ümumi məbləği 700 min manatdan çox olan 5,2 min əməliyyat həyata keçirilib.
Bundan əlavə, AMB-nin məlumatları göstərir ki, ötən ilin avqust ayı ilə müqayisədə əməliyyatların sayı 600-dən çox və ya 10,3 faiz azalıb, həcmi isə dəyişməyib.
AMB-nin məlumatına görə, qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış American Express kartları üzrə əməliyyatların sayı 1,7 min, həcmi isə 1,1 milyon manatdan çox olub.
Bankın məlumatına əsasən, ötən ilin avqust ayı ilə müqayisədə qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış American Express kartları üzrə əməliyyatların sayı 200-dən çox və ya 13,3 faiz artıb, əməliyyatların həcmi isə 300 min manatdan çox və ya 37,5 faiz yüksəlib.
Qeyd edək ki, rezident maliyyə təşkilatları tərəfindən buraxılmış ödəniş kartları üzrə əməliyyatların həcmi və sayı ölkə ərazisində fəaliyyət göstərən maliyyə təşkilatları (yerli banklar və ya maliyyə təşkilatları) tərəfindən buraxılmış ödəniş kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcminə və sayına aiddir.
Qeyri-rezident maliyyə institutları tərəfindən emissiya edilmiş ödəniş kartları üzrə əməliyyatların həcmi və sayı isə Azərbaycanda xaricdə fəaliyyət göstərən banklar və maliyyə institutları tərəfindən buraxılmış ödəniş kartlarından istifadə edilməklə həyata keçirilən əməliyyatların sayını və ümumi həcmini (məbləğini) əks etdirir.