Bakı. Trend:
Azərbaycanda 2025-ci ildə cinayətlərin sayı 2024-cü illə müqayisədə təxminən 4,6 faiz azalıb. Azalma tendensiyası 2026-cı ilin birinci yarımilində də əvvəlki ilin eyni dövrü ilə müqayisədə davam edib.
Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Trend Beynəlxalq İnformasiya Agentliyinə və REAL televiziyasına birgə müsahibəsində deyib.
“2024-cü illə müqayisədə 2025-ci ildə cinayətlərin sayında təxminən 4,6 faiz azalma müşahidə olunub. 2026-cı ilin birinci yarımilini 2025-ci ilin eyni dövrü ilə müqayisə etdikdə də əhəmiyyətli azalma görürük”, – deyə o bildirib.
Baş prokurorun sözlərinə görə, cinayətkarlığın vəziyyəti və dinamikası hüquq-mühafizə orqanlarının nəzarətindədir. Bununla yanaşı, son vaxtlar cinayətlərin məzmununda və növlərində müəyyən dəyişikliklər baş verir.
“Cəmiyyətdə gedən proseslər nəticəsində bəzi cinayət növlərinin sayı bir qədər artır, yeni cinayət növləri meydana çıxır. Bu proseslər yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur və tərəfimizdən daim nəzarətdə saxlanılır”, – deyə Kamran Əliyev əlavə edib.
Baş prokuror narkotik vasitələrin qanunsuz dövriyyəsinin Azərbaycan cəmiyyətini narahat edən geniş yayılmış cinayətlərdən biri olduğunu bildirib. Onun sözlərinə görə, 2026-cı ildə bu sahədə 2025-ci illə müqayisədə sabitləşmə, hətta cüzi azalmaya meyl müşahidə olunur.
“Amma bu, bizi qətiyyən aldatmamalıdır”, – deyə o vurğulayıb.
Kamran Əliyev qeyd edib ki, əsas təhlükə problemin transmilli xarakter daşımasıdır. Narkotiklərin qanunsuz dövriyyəsi yalnız Azərbaycanın qarşılaşdığı problem deyil. Buna qarşı mübarizədə, xüsusilə region ölkələri ilə səylərin birləşdirilməsi vacibdir.
“Narkotik vasitələrin qanunsuz dövriyyəsinin sərhədləri aşması, yeni informasiya texnologiyalarından istifadə edilməklə onların internet üzərindən alınıb-satılması, təhlükəli narkotik maddələrin yeni, süni şəkildə hazırlanmış növlərinin yayılması gənclərimizin sağlamlığı üçün təhlükə yaradır. Bu baxımdan qarşımızda çoxlu vəzifələr durur”, – deyə Baş prokuror bildirib.
O, bu sahədə hüquq-mühafizə orqanları tərəfindən çox iş görüldüyünü söyləyib. Kamran Əliyev narkotik vasitələrin sərhədləri aşaraq ölkəyə gətirildiyini nəzərə alaraq, daxili işlər orqanlarının, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Baş prokuror narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəni qarşıda duran ən mühüm vəzifələrdən biri adlandırıb.
Qonşu dövlətlərlə əməkdaşlığa dair sualı cavablandıran Kamran Əliyev bu istiqamətdə işin səmərəli aparıldığını bildirib. Onun sözlərinə görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı problemlər və mübarizə yolları həm region ölkələri arasında, həm də beynəlxalq səviyyədə müzakirə edilir.
“Əməkdaşlığımız səmərəlidir. Bu problemlər və onlarla mübarizə yolları həm region ölkələri arasında, həm də beynəlxalq səviyyədə müzakirə olunur. Praktik əməkdaşlıqda isə, təbii ki, region və qonşu ölkələrlə əlaqələr daha böyük əhəmiyyət daşıyır. Açıq deyim ki, hər bir ölkə bu sahədə əməkdaşlığa kifayət qədər meyllidir”, – deyə Baş prokuror əlavə edib.