Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sistemində 72 mindən çox tibb işçisini əhatə edən yeni əməkhaqqı islahatı həkimlərin və digər tibb işçilərinin peşə motivasiyasının yüksəlməsinə, regionlarda kadr çatışmazlığının azalmasına və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına ciddi töhfə verəcək.
Bunu Yeni Klinikanın Hematologiya və Sümük İliyi Transplantasiya Şöbəsinin müdiri Sevil Cəlilova Trend-ə müsahibəsində deyib.
O qeyd edib ki, uzun illərdir səhiyyə sistemində çalışan praktiki həkim kimi bu islahatı mühüm addım hesab edir:
"Əməkhaqqının artırılması yalnız tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması deyil, eyni zamanda onların peşəyə bağlılığının və motivasiyasının gücləndirilməsi baxımından əhəmiyyətlidir".
“16 ildir praktiki həkim kimi fəaliyyət göstərdiyim üçün tam rahatlıqla deyə bilərəm ki, biz bunu çoxdan gözləyirdik və bu, olduqca mühüm addımdır. Bu həm orta tibb işçilərinin, həm də həkimlərin əməyinə verilən dəyərin göstəricisidir. Təbii ki, bu addım həkimlərin, tibb bacılarının və digər tibbi personalın öz əməyinə, işinə və peşəsinə olan motivasiyasını artıracaq və əhaliyə göstərdiyimiz tibbi xidmətin yaxşılaşdırılmasına təsir edəcək.
Maddi təminat hər bir vətəndaş üçün önəmlidir. Həkimlik sahəsində isə bunu xüsusilə nəzərə almaq lazımdır. Bir insanın tam peşəkar həkim kimi yetişib fəaliyyət göstərməsi üçün uzun illər tələb olunur. Həkim öz gəncliyinin böyük hissəsini təhsilinə və peşəkar inkişafına sərf edir. Buna görə də əməkhaqqının artırılması həm həkimlərin sosial rifahına, həm də onların öz potensiallarını daha yaxşı inkişaf etdirməsinə müsbət təsir göstərəcək”.
Sevil Cəlilovanın sözlərinə görə, kadr çatışmazlığı olan ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələrin və 1,3 əmsalının tətbiqi regionlarda çalışan həkimlərin sayının artırılması baxımından xüsusilə mühüm əhəmiyyət daşıyır:
"Regionlarda müəyyən ixtisaslar üzrə kadr çatışmazlığı pasiyentlərin Bakıya üz tutmasına, bunun nəticəsində isə paytaxt xəstəxanalarında iş və yatış yükünün artmasına səbəb olur. Bu, çox ciddi, eyni zamanda da aktual məsələdir. Regionlarda kadr çatışmazlığını illərdir hiss edirik və bu problem Bakıda işləyən həkimlərin də fəaliyyətinə təsir edir. Həkimlərin və xəstəxanaların iş yükü artır. Rayonlarda kadr çatışmazlığı nəticəsində pasiyentlər Bakıdakı xəstəxanalara üz tutur, xəstəxanalarda yatış yükü artır, növbələr və yatışla bağlı problemlər yaranır. Bu baxımdan bir həkim və vətəndaş kimi bu addımı dəstəkləyirəm.
Düşünürəm ki, bu, təkcə hematologiya sahəsi üçün deyil, digər sahələr üçün də atılan çox mühüm addımdır. Əməkhaqqının artırılması gənc həkimlərimizin regionlara üz tutmasına və orada fəaliyyətə başlamasına böyük töhfə verəcək. Gələcəkdə bunun daha geniş yayılmış praktikaya çevriləcəyini düşünürəm. Universiteti və rezidenturanı bitirən gənc həkimlərin regionlarda fəaliyyətə başlaması nəticəsində həmin ərazilərdə yaşayan əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilməsi imkanları genişlənəcək”.
O bildirib ki, regionlarda tibbi xidmətlərin əlçatanlığının artırılması paytaxta pasiyent axınının azalmasına da imkan verəcək:
"Xüsusilə hematoloji xəstəlikləri olan şəxslərin bir sıra ilkin müayinə və müalicə prosedurları üçün Bakıya gəlmək məcburiyyətində qalması regionlarda müvafiq ixtisaslar üzrə kadr çatışmazlığının nəticələrindən biridir. Regiondan Bakıya təhsil almağa gələn gənc həkim qazandığı məbləğin əhəmiyyətli hissəsini kirayə, qidalanma və digər xərclərə sərf etməkdənsə, öz regionunda, ailəsinin yanında fəaliyyət göstərməyi də seçim kimi nəzərdən keçirə bilər. Hər kəs öz regionunda fəaliyyət göstərsə, həm bölgələrdə əhaliyə verilən tibbi xidmətin keyfiyyəti artacaq, həm də Bakının üzərinə düşən xəstə yükü ciddi şəkildə azalacaq.
Xüsusilə qeyd etmək istəyirəm ki, elə pasiyent qrupları var, onların ilkin müayinə və müalicə üçün Bakıya gəlməsi məcburiyyəti yaranır. Mən xüsusilə leykoz və talassemiyalı pasiyentlərdən danışıram. Onlar Bakıya ona görə gəlirlər ki, regionlarda bu xidmət kifayət qədər əlçatan deyil. Hematologiya üzrə ümumiyyətlə Bakıda da kadr çatışmazlığı var, regionlarda isə bu problem daha ciddi hiss olunur. Düşünürəm ki, əməkhaqqının artırılması regionlarda bu xidmətlərin inkişafına böyük töhfə verəcək”.
Sevil Cəlilova vurğulayıb ki, tibb işçilərinin maliyyə təminatının yaxşılaşdırılması tibbi xidmətin keyfiyyətinə və pasiyent məmnunluğuna da müsbət təsir göstərəcək:
"Digər mühüm məsələ kadrların iş yerlərində davamlılığının təmin edilməsidir. Xüsusilə hematoloji və immunosupressiv xəstə qrupları ilə çalışan kiçik və orta tibb işçilərinin, eləcə də həkimlərin işi spesifikdir. Burada həm peşə riski, həm də həmin pasiyentlərə göstərilən xidmətin xüsusiyyətləri nəzərə alınmalıdır. Tibb işçisinin başqa yerdə daha yüksək əməkhaqqı təklif edildiyi üçün bir neçə aydan sonra çalışdığı xəstəxananı dəyişməsi ilk baxışdan kiçik məsələ kimi görünə bilər, amma bu, ciddi problemdir. Tez-tez baş verən kadr dəyişiklikləri işin gedişatına mane olur və nəticədə tibbi xidmətin keyfiyyətinə təsir edir. Bu baxımdan əməkhaqqının artırılması təcrübəli personalın iş yerində saxlanılması baxımından da əhəmiyyətlidir. Hər birimiz insanıq və təbii ki, maddi vəziyyətimiz yaxşılaşdıqca işimizə motivasiyamız da artır. Bu, pasiyentə göstərilən diqqət və xidmətə də müsbət təsir edə bilər. Təbii ki, indiyə qədər həkimlərimiz pasiyentlərə necə yanaşıblarsa, bundan sonra da həmin peşəkar və şəfqətli münasibət davam edəcək. Amma əməkhaqqının artırılması həkimlər və digər tibb işçiləri üçün əlavə motivasiya olacaq".
Şöbə müdirinin fikrincə, əməkhaqqı islahatının mühüm nəticələrindən biri də Azərbaycanda yetişən həkimlərin xaricə axınının azalması və xaricdə təhsil alan azərbaycanlı mütəxəssislərin ölkəyə qayıtmasının təşviq edilməsi ola bilər.
“Azərbaycanda təhsil alan həkimlərimizin xarici ölkələrə üz tutmasının səbəbləri arasında peşəkar inkişaf və karyera qurmaqla yanaşı, maddi amil də çox böyük rol oynayır. Düşünürəm ki, yeni yanaşma həkimlərin ölkədə qalmasına, eləcə də xaricdə təhsil almış azərbaycanlı həkimlərin ölkəmizə dönərək burada, təkcə regionlarda deyil, Bakı şəhərində də fəaliyyət göstərməsinə böyük töhfə verəcək.
Azərbaycanlı tələbələrin və həkimlərin xarici ölkələrdə, xüsusilə tibb sahəsində təhsil alması təqdirəlayiq haldır. Azərbaycanda baza tibb təhsilini aldıqdan sonra davamlı tibbi təhsilimizi Türkiyədə, digər Avropa ölkələrində və Amerikada tamamlayıb ölkəyə qayıtmağımız səhiyyəmiz üçün çox faydalıdır. Amma reallıq budur ki, xaricə üz tutan tələbə və həkimlərimizin bir hissəsi geri qayıtmaq istəmir. Bu, yalnız Azərbaycana aid problem deyil, dünya praktikasında da mövcuddur.
Düşünürəm ki, artıq bundan sonra Azərbaycanda müəyyən müddət işləyib, daha sonra PhD, magistratura və ya ixtisasartırma təhsilini xarici ölkələrdə alan həkimlərin geri dönərək öz ailələrinin yanında yaşaması və Azərbaycan vətəndaşlarına xidmət göstərməsi üçün daha əsaslı səbəbləri olacaq”.
Sevil Cəlilova Azərbaycanda hematologiya sahəsinin son illərdə sürətlə inkişaf etdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, rezidentura təhsilinin inkişafı, hematoloqların xaricdə ixtisasartırma və rotasiya proqramlarına cəlb olunması, eləcə də elmi təhsil imkanlarının genişləndirilməsi bu sahədə ciddi irəliləyişə səbəb olub.
“Bu gün rahatlıq və fəxr hissi ilə deyə bilərəm ki, Azərbaycanda hematologiya inkişaf edir. Mən 2010-cu ildə universiteti bitirib ixtisas almağa başlayanda hematologiya indiki səviyyədə deyildi və ölkədə hematoloqların sayı olduqca az idi.
Rezidentura təhsilinin yaradılması, sonradan dövlət hesabına hematoloqların xarici ölkələrdə ixtisasartırma və rotasiya kurslarına göndərilməsi, eləcə də PhD təhsili almaları üçün şəraitin yaradılması və həmin mütəxəssislərin yenidən ölkəyə dönərək yeni kadrlar hazırlaması nəticəsində kifayət qədər irəliləyiş əldə olunub.
Azərbaycan hematologiya, onkologiya və sümük iliyi transplantasiyası sahələrində ciddi şəkildə və sürətlə inkişaf edir. Artıq xaricə üz tutmuş həkimlərimizin ölkəyə qayıtdığını praktiki həkim kimi hiss edə bilirik. Onlar dövlət və özəl tibb müəssisələrində çalışmağa başlayırlar və nəticədə Azərbaycan vətəndaşlarına xidmət göstərirlər. Bu, çox önəmli məqamdır. Düşünürəm ki, növbəti 10 ildə Azərbaycan həm hematologiya, həm də sümük iliyi transplantasiyası sahəsində beynəlxalq arenada daha ciddi mövqeyə malik olacaq”.
Sevil Cəlilova sonda yeni əməkhaqqı islahatını yüksək qiymətləndirdiyini və bunun bütövlükdə Azərbaycan səhiyyəsinin inkişafına təsir göstərəcəyini bildirib.
“Təbii ki, bir həkim və vətəndaş kimi bu qərarı yüksək qiymətləndirir və bütün tibb işçiləri adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Hesab edirəm ki, həkimlərin, eləcə də orta tibb işçilərinin əməkhaqqının artırılması öz peşəmizə olan motivasiyamızı daha da yüksəldəcək və nəticədə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin artırılmasına xidmət edəcək.
Eyni zamanda, regionlarda pasiyentlərimizə yüksəkkeyfiyyətli tibbi xidmət göstərilməsi imkanları genişlənəcək, Bakıya, Sumqayıta və digər şəhərlərə xəstələrin süni axınının qarşısı alınacaq. Bütün bunlar Azərbaycanın səhiyyə sisteminin inkişafına və ən önəmlisi, Azərbaycanda həkim peşəsinin nüfuzunun artmasına töhfə verəcək”.


