Bakı. Trend:
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tabeliyində “Daşkəsən Rayon Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
Bu barədə qərarı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov imzalayıb.
Qərara əsasən, yeni müəssisə Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının bazasında yaradılıb. Cəmiyyətin işçilərinin say həddi 82 ştat vahidi müəyyən edilib.
Sənədə əsasən, Cəmiyyətin yenidən təşkili və ləğv edilməsi Azərbaycan Prezidentinin razılığı ilə Nazirlər Kabineti tərəfindən həyata keçiriləcək. Cəmiyyətin nizamnaməsinin təsdiqi, nizamnamə kapitalının müəyyən edilməsi və onlarda dəyişiklik edilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunub.
Bundan başqa, Daşkəsən Rayon İcra Hakimiyyəti Cəmiyyətin nizamnaməsi və nizamnamə kapitalının miqdarı ilə bağlı təkliflərini iki ay müddətində İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.
İqtisadiyyat Nazirliyi Cəmiyyətin nizamnaməsinin təsdiqi, nizamnamə kapitalının müəyyən edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirləri təmin etməlidir.
Cəmiyyətin nizamnaməsi təsdiq edildikdən sonra Daşkəsən Rayon İcra Hakimiyyəti üç gün müddətində onun dövlət qeydiyyatına alınması üçün qanunvericiliyə uyğun tədbirlər görməlidir.