Bakı. Trend:
Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq parlament seçkilərinədək respublikaçı namizədləri dəstəkləmək üçün 400 milyon dollardan çox vəsait xərcləməyi planlaşdırdığını bildirib. O, bu qərarını “Respublikaçılar Partiyasına inamı” ilə və “xüsusilə Fransada və Avropanın digər bölgələrində baş verənlərin şahidi olduqdan sonra” əsaslandırıb.
ABŞ prezidenti özünün Truth Social sosial şəbəkəsində yazıb: “Ölkəmizin tarixində ən mühüm aralıq seçkiləri ilə əlaqədar olaraq, seçki gününədək 400 milyon dollardan çox vəsait xərclədiyimi və ya xərcləyəcəyimi məmnuniyyətlə bəyan edirəm. Artıq 300 milyon dollardan çox vəsait reklam kampaniyalarına, seçicilərlə birbaşa və dolayı əlaqələrin qurulmasına, mitinqlərə, kütləvi toplantılara, seçiciləri səsverməyə təşviq edən “Get Out the Vote” proqramlarına, səsvermənin dürüstlüyünü təmin etməyə yönəlmiş təşəbbüslərə və digər tədbirlərə xərclənib”.
Öz növbəsində, The New York Times qəzeti Nyu-Yorkun keçmiş meri Maykl Blumberqin seçkilər ərəfəsində demokratlara dəstək məqsədilə təxminən 80 milyon dollar ayıracağını bildirib.
Nyu-York nəşrinin məlumatına görə, Blumberqin vəsaitlərindən ən azı 50 milyon dollar Nümayəndələr Palatasına keçiriləcək seçkilər üçün nəzərdə tutulub. Bu məbləğin 24 milyon dolları Blumberqin həmtəsisçilərindən biri olduğu “Everytown for Gun Safety” təşkilatına ayrılıb. O, həmçinin “House Majority PAC” təşkilatına 16 milyon dollar vəsait köçürüb.
Bu maliyyə öhdəlikləri demokratların Konqres üzərində nəzarəti yenidən ələ keçirməyə çalışdığı bir vaxta təsadüf edir. Hazırda hər iki palatada respublikaçıların nəzarətində olan Konqresdə ümumilikdə 470 yer uğrunda mübarizə aparılacaq.