Bakı. Trend:
Oktyabrın 20-də Osloda Ukrayna, Amerika Birləşmiş Ştatları və Avropa nümayəndə heyətləri müharibəyə son qoyulması yollarını müzakirə ediblər. Cared Kuşner isə görüşə onlayn qoşulub. Görüşdə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsi də gündəmə gətirilib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski görüşdən sonra keçirilən mətbuat konfransında məlumat verib.
Prezidentin sözlərinə görə, tərəflər Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə ediblər.
“Amerikalılara güclü zəmanətlər verəcəklərini bildirdikləri üçün minnətdaram. Biz müxtəlif təklifləri, o cümlədən NATO-nun 5-ci maddəsinə bənzər zəmanətləri müzakirə etdik”, – deyə Zelenski bildirib.
O qeyd edib ki, müxtəlif təhlükəsizlik zəmanətləri nəzərdən keçirilir. Bunlara sənədlərdə əksini tapan zəmanətlər, eləcə də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiya tərəfinə çatdıracağı təkliflər daxildir.
“Onların cavabını bir gün sonra eşidəcəyik”, – deyə Ukrayna Prezidenti əlavə edib.
Qeyd edək ki, görüşdə iştirak edən Finlandiya Prezidenti Aleksandr Stubb Osloda keçirilən danışıqlarda real irəliləyiş əldə olunduğunu bildirib.
Onun sözlərinə görə, müzakirələr hava hücumundan müdafiə, enerji obyektlərinin qorunması və qismən atəşkəs, o cümlədən enerji və ərzaq təhlükəsizliyi məsələlərinə yönəlib.
"Sülhə nail olmaq üçün konkret ideyalarımız var. Bu səylərdə Avropalı tərəfdaşlarımızla həmrəyik və istəyirik ki, amerikalılar bu ideyaları Rusiya tərəfinə çatdırsınlar. Əsas ideyalardan biri yalnız liderlərin həll edə biləcəyi məsələləri müzakirə etmək üçün liderlərin üçtərəfli görüşünün keçirilməsi imkanının nəzərdən keçirilməsidir.
Stiv sabah Rusiyaya yola düşür. Görək, Putin nə deyəcək", - deyə Zelenski bildirib.