Bakı. Trend:
CAMCA ölkələri ayrı-ayrılıqda qlobal miqyasda böyük təsir imkanlarına malik olmasalar da, birlikdə daha güclü mövqedən çıxış edə bilərlər.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Özbəkistan Respublikası Ali Məclisi Senatı sədrinin birinci müavini Sodi Safoyev cümə axşamı Bakıda keçirilən CAMCA Regional Forumunda deyib.
O bildirib ki, CAMCA ölkələri arasında regional inteqrasiyanın əhəmiyyəti daha yaxşı dərk edilməlidir.
“İlk növbədə, hamımız başa düşməliyik ki, ayrı-ayrılıqda bəlkə də çox böyük təsir imkanlarımız yoxdur, lakin birlikdə qlobal miqyasda daha güclü səsə malik ola bilərik. Buna görə də düşünürəm ki, bizim regional oxumuz olmalıdır. CAMCA ölkələrinin hər biri regional inteqrasiyanın zəruriliyini daha yaxşı anlamalıdır”, - deyə S.Safoyev bildirib.
Onun sözlərinə görə, CAMCA ölkələri arasında əməkdaşlığın gücləndirilməsi üçün forum iştirakçıları mühüm resurs hesab edilə bilər.
“CAMCA dövlətləri üçün bu, çox vacib məsələdir. Burada toplaşan auditoriya bütün ölkələr üçün mühüm resursdur. Birlikdə dayanmağın zəruriliyini anlamaq bizim üçün ilk prioritet olmalıdır”, - deyə o vurğulayıb.
S.Safoyev qeyd edib ki, ölkələr intellektual və elmi ictimaiyyətin dəstəyinə daha çox güvənməli, ekspertlərin və gənclərin potensialından istifadə etməlidir.
“Hər bir ölkə intellektual və elmi ictimaiyyətin dəstəyinə arxalanmalı və onların fikirlərini dinləməlidir. Ekspertlərin, gənclərin və müxtəlif ölkələrin imkanlarına laqeyd yanaşmaq olmaz. Bu sahədə daha çox birgə iş aparılmalıdır”, - deyə Özbəkistan rəsmisi bildirib.
O əlavə edib ki, dünya siyasətində və geosiyasi münasibətlərdə yeni mərhələnin başlanğıcı müşahidə olunur.
“Düşünürəm ki, bizim üçün çox vacib olan digər məqam odur ki, biz transformasiya olunan siyasət dövrünün başlanğıcında yaşayırıq. Geosiyasət tədricən texno-siyasətə və texno-strategiyaya çevriləcək. Elmi yanaşma və elm sahəsində əməkdaşlıq olmadan ölkələrimizin inkişaf edə bilməyəcəyini anlamalıyıq”, - deyə S.Safoyev qeyd edib.