Bakı.Trend:
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) 2013-cü ildə Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş qanlı terror aktının suriyalı iştirakçılarından biri olan Ömər əl-Xətibi saxlayıb.
Bu barədə Türkiyə KİV məlumat yayılıb.
Terror aktı nəticəsində 53 nəfər həyatını itirmişdi.
MİT-in məlumatına görə, əl-Xətib “qırmızı bülleten” əsasında beynəlxalq axtarışda olub. O, Türkiyədən dəniz yolu ilə çıxaraq Avropaya getməyə hazırlaşdığı zaman keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Qeyd olunur ki, əl-Xətib terror aktının təşkilində əsas rol oynayıb. O, hücumun birbaşa icraçıları ilə keçmiş Suriya Prezidenti Bəşər Əsədlə əlaqəli kəşfiyyat əməkdaşları arasında əlaqə və koordinasiyanı təmin edib.
2013-cü ilin mayında Reyhanlıda iki avtomobilə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb. Nəticədə 53 nəfər həlak olub, onlarla insan yaralanıb. Terror aktı ilə bağlı istintaq uzun illər davam edib.