Bakı.Trend:
Mərkəzi Asiya və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramına üzv ölkələr əməkdaşlığın genişlənməsi və regionun inkişafının daha proqnozlaşdırılan olması fonunda daha cəlbedici olur.
Trend xəbər verir ki, bunu Özbəkistan Ali Məclisi Senatının birinci sədr müavini Sodiq Safayev cümə axşamı Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda deyib.
“İnsanlar dünyada inkişafın bir növ yaşıl mənzərəsini yaradırlar. Lakin təəccüblüdür ki, CAREC regionunda və Mərkəzi Asiyada bəzi əks tendensiyalar müşahidə olunur. Mən çoxtərəfli diplomatiyanın rolunun azalmasından danışdım, lakin CAREC regionunda çoxtərəfli diplomatiya ildən-ilə güclənir”, - deyə o bildirib.
Onun sözlərinə görə, bu gün Mərkəzi Asiyaya getdikcə daha çox yalnız postsovet məkanı və ya ölkələr qrupu kimi deyil, həm də iri bazarları və dünya dövlətlərini birləşdirən region kimi baxılır. O qeyd edib ki, Mərkəzi Asiya tədricən dənizə çıxışı olmayan regiondan əraziləri birləşdirən regiona çevrilir.
O, həmçinin Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın gücləndiyini vurğulayıb.
“Bütün dünyada parçalanma müşahidə etdiyimiz halda, CAREC regionunda ölkələri bir araya gətirən cazibə qüvvələri fəaliyyət göstərir. Bu proses, ola bilsin ki, Prezident Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanın xarici siyasətinin yenilənməsi ilə başlayıb. Bu gün Mərkəzi Asiyada əməkdaşlığın konsolidasiyasına doğru çox güclü tendensiyanın şahidi oluruq. Söhbət məhz əməkdaşlığın gücləndirilməsindən və dərinləşdirilməsindən gedir, inteqrasiyadan yox. Mən inteqrasiyadan danışmıram. Biz Fred Starrla həmişə Mərkəzi Asiyada əməkdaşlığın nə demək olduğunu müzakirə edirik. Ola bilsin ki, bu gün “inteqrasiya” sözündən istifadə etməkdən çəkinməliyik, çünki bu söz çox güclü məna daşıyır. Lakin daha güclü və dərin əməkdaşlıq baş verir”, - deyə o qeyd edib.
Safayevin sözlərinə görə, əməkdaşlığın inkişafı regionu daha proqnozlaşdırılan edir.
“Bu gün dünyanın nəzərdən qaçırdığı məqamlardan biri proqnozlaşdırıla bilənlikdir. Dünyada geosiyasi qeyri-müəyyənlikdən danışdığımız zaman bu gün CAREC regionu və Mərkəzi Asiya ilə bağlı daha optimist ola bilərik. Bu, Mərkəzi Asiyanın dünyada daha cəlbedici olması deməkdir. Mərkəzi Asiyanın cəlbediciliyi həm də onun coğrafi mövqeyi və inkişafının daha proqnozlaşdırılan olması hesabına artır”, - deyə o bildirib.
Safayev, həmçinin Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu iştirakçı kimi qəbul edilməsi barədə qərarı qeyd edib.
“Düşünürəm ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərini sadəcə məşvərət görüşü deyil, daha böyük məna daşıyan bir növ şuraya və ya digər instituta çevirməyin vaxtı çatıb”, - deyə o bildirib.
Qeyd edək ki, Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstanda dialoqun, əməkdaşlığın və dayanıqlı iqtisadi inkişafın təşviqinə həsr olunan illik CAMCA (Central Asia, Mongolia, Caucasus and Afghanistan) Regional Forumu ilk dəfə Bakıda keçirilir.