Bakı.Trend:
Azərbaycan Orta Dəhliz ölkələri ilə “bir pəncərə” sisteminin inteqrasiyası imkanlarını araşdırır.
Trend-in müxbiri xəbər verir ki, bunu Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev Dünya Bankı Qrupunun “Orta Dəhliz: növbəti mərhələ” mövzusunda keçirilən onlayn tədbiri zamanı deyib.
O qeyd edib ki, Orta Dəhlizin davamlı inkişafını təmin etmək üçün iki amil daha vacibdir. Birincisi, sinxronlaşdırma - yəni bütün fəaliyyət növləri üçün zəruri şərt olan fiziki infrastruktur sahəsində razılaşdırılmış fəaliyyətdir.
“İkincisi isə proqnozlaşdırılabilənliyi , izləniləbilənliyi və çevikliyi təmin etmək üçün prosedur, hüquqi və rəqəmsal uyğunluğu əhatə edən qarşılıqlı uzlaşmadır”, - deyə F.Əliyev bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycanda da işlər görülür. O cümlədən, hazırda demək olar ki, tam hazır vəziyyətdə olan milli rəqəmsal “bir pəncərə” sistemi çərçivəsində özəl və dövlət sektorunun bütün nümayəndələri - dövlət qurumları və milli operatorlar vahid rəqəmsal sistemdə bir araya gətiirlir.
“Bu, artıq həyata keçirilib və indi dəhliz səviyyəsində inteqrasiya imkanlarını araşdırırıq. Buna görə də hesab edirik ki, gələcəkdə bu dəhliz özəl sektor və dəhliz istifadəçiləri üçün daha cəlbedici olacaq”, - deyə o bildirib.
O, həmçinin Cənubi Qafqazda vəziyyəti dəyişən və regionun hər üç ölkəsi üçün faydalı olan Zəngəzur dəhlizinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.