Bakı. Trend:
Cənubi Qafqaz ölkələri mövcud imkanlarını və potensiallarını müəyyənləşdirərək ayrı-ayrılıqda və ya birlikdə daha böyük nəticələr əldə edə bilərlər.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu ABŞ-nin “DGA-Albright Stonebridge Group” şirkətinin tərəfdaşı və Avropa və Avrasiya üzrə praktika rəhbəri Filip Riker cümə axşamı Bakıda keçirilən CAMCA Regional Forumunda deyib.
O bildirib ki, region ölkələri üçün əsas prioritetlərdən biri mövcud imkanların düzgün müəyyənləşdirilməsi və birgə fəaliyyət potensialının qiymətləndirilməsi olmalıdır.
“Rəqabət qabiliyyəti və bağlantılar, o cümlədən Orta Dəhliz haqqında danışarkən, düşünürəm ki, ilk növbədə müəyyən etməli olduğumuz məsələ budur: bu gün təklif edə bildiyiniz nadir torpaq elementləri, metallar, karbohidrogenlər və qızıl kimi resurslardan başqa, təkbaşına və ya qrup şəklində, yəni Cənubi Qafqazın üç ölkəsi olaraq birlikdə daha nələri edə bilərsiniz?” - deyə F.Riker bildirib.
Onun sözlərinə görə, Mərkəzi Asiya və Qafqazı daha geniş infrastruktur və daha böyük iqtisadi məkan çərçivəsində birləşdirmək uzunmüddətli perspektivdə mümkün olsa da, hazırda daha kiçik miqyaslı əməkdaşlıqdan başlamaq məqsədəuyğundur.
“Böyük düşünmək, Mərkəzi Asiya və Qafqaz haqqında, daha geniş infrastruktur və daha böyük kontekst haqqında danışmaq olar. Lakin düşünürəm ki, hazırda bu, çox böyük miqyasdır. Buna görə də daha kiçik miqyasdan başlaya bilərik”, - deyə o qeyd edib.
F.Riker vurğulayıb ki, digər mühüm prioritet ölkələrin bir-birindən öyrənməsi və qarşılıqlı şəkildə öz imkanlarını gücləndirməsidir.
“İlk növbədə ehtiyacları və öz imkanlarınızı müəyyənləşdirmək lazımdır. İkinci prioritet isə bir-birimizdən necə öyrənə biləcəyimiz və bir-birimizi necə gücləndirə biləcəyimizdir. Bunun üçün bir araya gəlmək, müvafiq mexanizmi hazırlamaq, onu forumda müzakirəyə çıxarmaq, daha sonra qərar qəbul etmək və hərəkətə keçmək lazımdır. Sadəcə müzakirələr aparmaq bizə kömək etməyəcək”, - deyə F.Riker bildirib.
O, regionun gələcək inkişafı üçün suverenlik, bağlantı və rifah amillərinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
“Üç sözə qayıtmaq istəyirəm: suverenlik, bunun yaratdığı bağlantılar və bunun nəticəsində formalaşan rifah. Düşünürəm ki, bütün hökumətlər üçün əsas olan üç məqam var. İlk növbədə coğrafiyanı qəbul etmək lazımdır. Bu, suverenlik və ərazi bütövlüyü ilə birbaşa bağlıdır”, - deyə F.Riker qeyd edib.
Onun sözlərinə görə, region ölkələrinin hər biri suverenliyə və ərazi bütövlüyünə malikdir və öz seçimlərini yalnız böyük dövlətlərin mövqelərinə əsaslanmadan, milli maraqları nəzərə alaraq müəyyənləşdirməlidir.
“Hər birinizin öz suverenliyiniz və ərazi bütövlüyünüz var. Siz dünya tərəfindən tanınırsınız və öz seçimlərinizi edirsiniz. Bu seçimlər yalnız Pekin, Moskva və Vaşinqton, hətta Brüssel kimi paytaxtların təsəvvürlərinə əsaslanmamalı, ilk növbədə sizin öz maraqlarınız və baxışlarınız nəzərə alınmaqla həyata keçirilməlidir”, - deyə o vurğulayıb.
F.Riker bildirib ki, ölkələr bu imkanlara daha çox inam əldə etməli, coğrafi mövqelərini bağlantıların inkişafına, bağlantıları isə iqtisadi rifaha çevirməlidirlər.
“Bu inamı daha da gücləndirmək, əldə etdiklərinizə əmin olmaq və coğrafiyanı bağlantılara, bağlantıları isə rifaha çevirmək lazımdır. Daha geniş düşünmək vacibdir. Bu, zaman tələb edir və keçmişdən qalan bəzi təsəvvürlərin aradan qaldırılmasını, yaratdığınız yeni vəziyyətə uyğun düşünməyi zəruri edir”, - deyə F.Riker əlavə edib.
O, Ermənistan və Azərbaycan arasında sülh prosesinin regional inkişaf və yeni iqtisadi imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
“Sülh prosesi bunun üçün həlledici əhəmiyyət daşıyır. Ermənistan və Azərbaycan arasında sülh prosesi üzərində işlədiyim dövrdə bu imkanları aydın şəkildə gördük. Sülhə nail olmağa hazır olan liderlik mövcud idi. İllər ərzində çoxları bunun mümkün olmadığını deyirdi. Müxtəlif strukturlar və beynəlxalq təşkilatlar vasitəsilə problemin həllinə cəhd göstərilmişdi, lakin nəticə əldə olunmurdu. Bunun əvəzinə biz birlikdə işləyə biləcəyinə inandığımız iki lider gördük”, - deyə F.Riker bildirib.
Onun sözlərinə görə, 8 avqust 2025-ci ildə Ağ Evdə keçirilən Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülhə dair mərasim region üçün mühüm simvolik əhəmiyyət daşıyıb.
“Açığı, 8 avqust 2025-ci ildə Ağ Evdə keçirilən imzalanma mərasimi yalnız Azərbaycan və Ermənistan, onların xalqları üçün deyil, bütövlükdə region üçün böyük simvolik əhəmiyyət daşıyırdı”, - deyə F.Riker qeyd edib.
F.Riker bildirib ki, region ölkələri qarşılarında yaranmış yeni imkanlardan istifadə etməli, bunun üçün isə siyasi iradə və inam nümayiş etdirməlidirlər.
“Düşünürəm ki, insanlar irəliləyiş üçün yaranmış bu imkanlara diqqət yetirməlidirlər. Bu imkanlardan istifadə etmək lazımdır. Bu, liderlik və irəliləmək bacarığına inam məsələsidir. Bir araya gəldikdə isə sizi daha parlaq gələcəyə aparacaq sinerji yaradırsınız”, - deyə o əlavə edib.