Bakı.Trend:
Dünya Bankı Qrupu Orta Dəhlizin inkişafı çərçivəsində 2027-ci ilin iyul ayına qədər 1,2 milyard dollar məbləğində investisiya öhdəliyi götürməyi planlaşdırır.
Trend-in müxbiri xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays cümə axşamı Dünya Bankı Qrupunun “Orta Dəhliz: növbəti mərhələ” mövzusunda keçirilən onlayn tədbiri zamanı deyib.
Onun sözlərinə görə, hazırda Dünya Bankı Qrupunun Orta Dəhliz çərçivəsində icra mərhələsində olan layihələr üzrə 6,9 milyard dollar məbləğində öhdəliyi var.
“Bu investisiyalar beynəlxalq maliyyə institutları və özəl kapital tərəfindən əlavə 9,35 milyard dollar həcmində birgə maliyyələşdirmənin, eləcə də hökumətlər tərəfindən 2,2 milyard dollar həcmində öz vəsaitləri hesabına birgə maliyyələşdirmənin cəlb olunmasına kömək edir”, - deyə o bildirib.
R.Prays qeyd edib ki, Dünya Bankı Qrupunun dəstəyi sadə bir inama əsaslanır: regional əlaqəlilik bütün regionda biznes, işçilər və yerli icmalar üçün imkanlar yaratdığı zaman daha səmərəli fəaliyyət göstərir.
Bununla yanaşı, onun sözlərinə görə, nəticə etibarilə Orta Dəhlizin gələcəyini onun keçdiyi ölkələr və dəhlizdən istifadə edən şirkətlər müəyyən edəcək.
O əlavə edib ki, dəhlizin gələcək inkişafı üçün artıq çox möhkəm təməl mövcuddur.