Bakı. Trend:
2030-cu illərdə daşımaların həcminin artması ilə aktuallaşa biləcək əməliyyat məhdudiyyətlərinin aradan qaldırılması üçün Orta Dəhlizə əlavə investisiyaların nəzərdən keçirilməsi tələb olunacaq.
Dünya Bankının “İnteqrasiya: Transxəzər Nəqliyyat Dəhlizi boyunca qabaqcıl ticarət logistikası” hesabatında qeyd olunub ki, Orta Dəhlizin inkişafı yalnız nəqliyyat infrastrukturuna investisiyaların yatırılmasını deyil, həm də transsərhəd əməkdaşlığın təkmilləşdirilməsini, ticarət prosedurlarının sadələşdirilməsini və nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasını tələb edəcək.
Hesabata görə, ilkin mərhələdə bütün marşrut boyunca dəmir yolları və avtomobil yollarının, dəniz limanlarının, sərhəd-keçid məntəqələrinin və daxili limanların genişləndirilməsi, modernləşdirilməsi və yenilənməsi zəruridir. Bu investisiyalar prioritetlərə uyğun və əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir.
Dünya Bankı qeyd edir ki, hazırda Xəzər dənizi vasitəsilə daşınan yüklərin 92 faizini taxıl, gübrə, tikinti materialları və yanacaq kimi yüklər təşkil edir: “Belə daşımalar üçün nəqliyyat imkanlarının mövcudluğu və birbaşa nəqliyyat xərclərinin mümkün qədər aşağı olması əsas əhəmiyyət daşıyır”.
“Orta Dəhliz inkişaf mərhələsində olduğundan, infrastruktur investisiyalarının əsas hissəsinə qısamüddətli perspektivdə, xüsusilə 2030-cu ilə qədər ehtiyac var. Bu, marşrut üzrə artıq mövcud olan “darboğazların” aradan qaldırılmasına imkan verəcək.
Bununla yanaşı, 2030-cu illərdə daşımaların həcminin artması ilə aktuallaşa biləcək əməliyyat məhdudiyyətlərinin aradan qaldırılması üçün əlavə investisiyaların nəzərdən keçirilməsi tələb olunacaq.
Bununla belə, logistikanın səmərəliliyinin artırılması və yeni yük göndərənlərin cəlb edilməsi üçün yalnız infrastrukturun inkişafı kifayət etməyəcək.
Dəhliz iştirakçısı olan ölkələrin iqtisadiyyatları şaxələndikcə, həmçinin Şərqi Asiya və Avropadan olan yük göndərənlərin yüksək əlavə dəyərə malik və çatdırılma müddətinə həssas yüklərin daşınmasına marağı artdıqca, nəqliyyat xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına və daşımaların əlaqələndirilməsinə ehtiyac da artacaq.
Dəhlizin tam yük və iqtisadi potensialının reallaşdırılması üçün, həmçinin transsərhəd əməkdaşlığın yaxşılaşdırılması, ticarətin asanlaşdırılması və göstərilən xidmətlərin keyfiyyətinin artırılması tələb olunacaq”, - deyə hesabatda qeyd olunur.
Dünya Bankı vurğulayır ki, müvafiq islahatlar və yeni yanaşmalar artıq qısamüddətli perspektivdə hazırlanmalı və tətbiq edilməlidir: “Lakin onların transformativ xarakteri bu tədbirlərin həyata keçirilməsinin uzunmüddətli proses olacağını və növbəti 10-15 il çəkə biləcəyini nəzərdə tutur”.
Qeyd olunur ki, bu proses müxtəlif yanaşmaların sınaqdan keçirilməsini, toplanmış təcrübənin bölüşdürülməsini, beynəlxalq koordinasiyanı və əldə olunan nəticələrə, eləcə də kursun korreksiyasına olan zərurətə əsaslanmaqla qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsini tələb edəcək.