Bakı. Trend:
Dünya Bankı Azərbaycanda Orta Dəhlizin inkişafı üçün üç prioritet infrastruktur layihəsi müəyyən edib.
Dünya Bankının “İnteqrasiya: Transxəzər Nəqliyyat Dəhlizi boyunca qabaqcıl ticarət logistikası” hesabatında qeyd olunub ki, siyahıya Bakı–Ələt–Böyük Kəsik dəmir yolu xəttinin modernləşdirilməsi və daha da genişləndirilməsi, həmçinin milli quru limanlar şəbəkəsinin yaradılması layihələri daxil edilib.
Birinci layihə Bakı–Ələt–Böyük Kəsik dəmir yolu xəttinin hazırda davam edən modernləşdirilməsinin başa çatdırılmasıdır. Bank qeyd edib ki, bu xətt Azərbaycanda Orta Dəhlizin əsasını təşkil edir. Hazırda xətt üzrə yeni elektrikləşdirmə sisteminin tətbiqi və siqnalizasiya sisteminin yenilənməsi də daxil olmaqla, modernləşdirmə işləri aparılır.
Layihənin təxmini dəyəri 260 milyon dollar təşkil edir. Layihə icra mərhələsindədir və qısamüddətli investisiya prioritetlərinə aiddir. Özəl sektorun iştirakı nəzərdə tutulmayıb.
İkinci prioritet istiqamət milli quru limanlar şəbəkəsinin inkişaf etdirilməsidir. Layihə Orta Dəhlizin Qara dəniz və Türkiyə istiqamətlərinə xidmət göstərmək üçün Böyük Kəsik sərhəd-keçid məntəqəsi ərazisində, Bakı şəhərində Bakı Limanının genişləndirilmiş giriş qapısı və Orta Dəhlizə dəstək məqsədilə, həmçinin Azərbaycan və Ermənistan üzərindən Qarsa qədər təklif olunan yeni BTK marşrutunu dəstəkləmək üçün cənub logistika qovşağının yaradılmasını nəzərdə tutur.
Layihənin təxmini dəyəri 300 milyon dollar qiymətləndirilir. Layihə ilkin texniki-iqtisadi əsaslandırma (Pre-FS) mərhələsindədir, qısamüddətli dövrə aiddir və özəl sektorun “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə iştirakını nəzərdə tutur.
Üçüncü layihə perspektivdə Bakı–Ələt–Böyük Kəsik dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılmasıdır.
Dünya Bankının qiymətləndirməsinə görə, 2030-cu illərdə Orta Dəhliz üzrə daşımaların həcminin artımını təmin etmək üçün xəttin daha da genişləndirilməsi və modernləşdirilməsi, ehtimal ki, tələb olunacaq.
Layihənin təxmini dəyəri 600 milyon dollar təşkil edir. Layihə ilkin texniki-iqtisadi əsaslandırma mərhələsindədir və ortamüddətli investisiya layihələrinə aiddir. Özəl sektorun iştirakı nəzərdə tutulmayıb.
Beləliklə, qeyd olunan üç layihə üzrə ümumi təxmini investisiya həcmi 1,16 milyard dollar təşkil edir.