Bakı. Trend:
Türkiyənin paytaxtı Ankarada qanunsuz mərc, dələduzluq və pornoqrafik məzmunlu paylaşımlar etdiyi müəyyən olunan 417 internet saytına giriş məhdudlaşdırılıb.
"TRT Haber"in yaydığı məlumata görə, 21-27 sentyabr tarixlərində internetdə nəzarət tədbirləri və açıq mənbələr üzrə araşdırma fəaliyyəti çərçivəsində 760 sosial media hesabı və URL ünvanı araşdırılıb.
Qanunsuz mərc oynanılmasına imkan yaratdığı müəyyən edilən 341, fişinq üsulu ilə dələduzluq edən 6 və pornoqrafik məzmunlu paylaşımlar edən 70 internet saytı İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumuna bildirilib və həmin saytlara giriş məhdudlaşdırılıb.
Bundan əlavə, bu il baş vermiş, lakin kim tərəfindən törədildiyi müəyyən edilməyən kiber hadisələrin araşdırılması çərçivəsində Çankaya rayonunda baş vermiş ixtisaslı dələduzluq hadisəsi Respublika Baş Prokurorluğunun koordinasiyası ilə araşdırılaraq açılıb.
Sözügedən hadisəni törətdiyi müəyyən edilən şübhəli barəsində hüquqi tədbir görülməsinə başlanılıb.