Bakı. Trend:
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığının xarici işlər, Afrika əməkdaşlığı və xaricdə yaşayan mərakeşlilər üzrə naziri Nasser Burita ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Nazirlər ikitərəfli münasibətlərinin mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirərək, yüksəksəviyyəli siyasi məsləhətləşmələri, parlamentlərarası əlaqələri və xarici işlər nazirlikləri arasında institusional əlaqələndirməni xüsusi vurğulayıblar. Görüşdə BMT, İƏT və Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalar çərçivəsində birgə əlaqələndirmə, həmçinin Afrika ölkələri ilə strateji dialoqun inkişaf etdirilməsi və insanlararası təmasların və təhsil sahəsində mübadilələrin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

