Bakı. Trend:
ABŞ və İsrailin İrana qarşı müharibəsinin neft-qaz bazarlarına təsirləri fonunda Avropa İttifaqı (Aİ) enerji qiymətlərinin artması ilə üzləşib. Bununla əlaqədar Brüssel rəhbərliyi üzv ölkələri qaz və elektrik enerjisi istehlakının azaldılması ilə bağlı tədbirləri nəzərdən keçirməyə çağırır.
Bu barədə Aİ-nin energetika üzrə komissarı Dan Yorgensenin ittifaq ölkələrinin müvafiq nazirlərinə ünvanladığı məktubda deyilib.
“Biz tədarük böhranı ilə əlaqəli enerji qiymətləri böhranı ilə üzləşmişik”, - deyə avrokomissar etiraf edib. Bununla əlaqədar o, Aİ ölkələrini qarşıdan gələn qışa hazırlığı gücləndirməyə və qaz anbarlarına qazın vurulmasını təmin etməyə, yaxud qaz və elektrik enerjisinə tələbatı “zəruri olduğu qədər” azaltmağa imkan verən tədbirlərin qəbul edilməsi və ya qüvvədə saxlanılması imkanını nəzərdən keçirməyə çağırıb. Beləliklə, Brüssel enerji qiymətlərinin artması və enerji resurslarının tədarükündəki problemlər fonunda Aİ ölkələrində enerji istehlakının azaldılması ehtimalını yenidən gündəmə gətirir.
Bununla yanaşı, Yorgensen iddia edir ki, Aİ hazırda enerji ilə bağlı çətinliklərə 2021-ci ilin qışına nisbətən “daha yaxşı hazırlaşıb”.