Bakı. Trend:
Ağdam-Xankəndi dəmir yolu xətti üzrə tikinti-quraşdırma işlərinin 48 faizi başa çatdırılıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən Trend-in sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, ADY Ağdam-Xankəndi dəmir yolu xətti üzrə layihələndirmə və tikinti işlərini davam etdirir:
"Hazırda layihələndirmə işlərinin 90 faizi, tikinti-quraşdırma işlərinin isə 48 faizi tamamlanıb. Uzunluğu 28 kilometr olan dəmir yolu xəttində 130 mühəndis qurğusunun, həmçinin Xankəndi, Əsgəran və Xocalıda üç dəmir yolu stansiyasının tikintisi nəzərdə tutulub".
Bildirilib ki. layihə çərçivəsində körpülər, piyada və heyvan keçidləri, eləcə də digər zəruri mühəndis qurğularının inşası həyata keçirilir.
"Bununla yanaşı, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində də tikinti işləri davam etdirilir", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, ümumilikdə 6,4 hektar ərazini əhatə edən kompleksdə iki dəmir yolu platforması, beşmərtəbəli əsas vağzal binası, avtobus servis mərkəzi, avtobus dayanacağı və texniki bina inşa olunacaq.
"Layihənin həyata keçirilməsi işğaldan azad edilmiş ərazilərin iqtisadi dirçəlişinə, nəqliyyat infrastrukturunun gücləndirilməsinə, bölgələrarası əlaqələrin genişləndirilməsinə, dayanıqlı inkişafın təmin olunmasına və Böyük Qayıdış prosesinə mühüm töhfə verəcək", - deyə ADY qeyd edib.