Bakı. Trend:
Qanunların qəbul edilməsi ilə kifayətlənmək olmaz, onların real həyatda işlək mexanizmə çevrilməsi və effektiv icrasının təmin edilməsi üçün qanunların implementasiyasına diqqət artırılmalıdır.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
O bildirib ki, qanunun real həyatda, praktikada və idarəetmədə tam şəkildə həyata keçirilməsi, tətbiqi və icrası zamanı yaranan çətinliklər və boşluqlar müəyyən edilməlidir.
“Qanun cəmiyyətdə işlək mexanizmə çevrilməlidir. Bunun üçün qanunun implementasiyasına çox böyük diqqət verməliyik”, – deyə Hicran Hüseynova bildirib.
Komitə sədri qeyd edib ki, qanunların tətbiqi ilə bağlı mövcud boşluqların müəyyənləşdirilməsi üçün dövlət və qeyri-dövlət təşkilatları ilə birgə fəaliyyət göstərilməlidir.
Onun sözlərinə görə, eyni zamanda qanunların tələbləri barədə cəmiyyətin, vətəndaşların və aidiyyəti qurumların məlumatlandırılması, hüquqi izahat işlərinin aparılması istiqamətində deputatlar da öz töhfələrini verməlidirlər.
Hicran Hüseynova bildirib ki, uğurlu implementasiya qanunun aliliyini təmin edir və dövlət tərəfindən qəbul edilən qərarların effektivliyini göstərir.
“İcra mexanizmləri zəif olduqda ən mükəmməl qanunlar belə praktiki olaraq işləmir”, – deyə o vurğulayıb.
Komitə sədri payız sessiyası dövründə regional ictimai dinləmələrin keçirilməsini təklif edib.
“Payız sessiyası dövründə regional ictimai dinləmələr keçirək. Ayrı-ayrı bölgələrdə hansı rayonlarda daha çox problemlərlə qarşılaşdığımızı müəyyənləşdirərək həmin rayonlarda belə dinləmələr keçirə bilərik”, – deyə Hicran Hüseynova bildirib.
O qeyd edib ki, komitə üzvləri öz rayonlarını və həmin ərazilərdə mövcud problemləri daha yaxşı bildikləri üçün ictimai dinləmələrin problemlərin daha çox müşahidə olunduğu bölgələrdə keçirilməsi məqsədəuyğun ola bilər.
Hicran Hüseynova komitə üzvlərinə təqdim edilmiş layihə ilə bağlı əlavə təkliflərin də dinlənilməsinin vacib olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyi bir çox ölkələrlə müqayisədə kifayət qədər güclüdür, lakin əsas məsələ bu qanunların hansı formada icra edilməsidir.
O bildirib ki, qanunların yerlərdə işləməsi və insanların bu qanunların tələblərini dərk etməsi üçün onların implementasiyasının effektivliyi təmin edilməlidir.
Hicran Hüseynova məişət zorakılığı ilə bağlı qanunvericiliyə də diqqət çəkib. O qeyd edib ki, qanunvericiliyin gücləndirilməsinə, ona yeni əlavələrin edilməsinə baxmayaraq, məişət zorakılığı ilə bağlı problemlər hələ də qalır və ayrı-ayrı bölgələrdə belə faktlar üzə çıxır.
Komitə sədri müsbət məqam kimi icra orqanlarının artıq bu məsələlərə münasibət bildirməsini qeyd edib. Onun sözlərinə görə, bu problemlər icra orqanlarının diqqətindən kənarda qalmır.
Hicran Hüseynova bildirib ki, erkən nikahlar və digər bu kimi hallar üzə çıxdıqda aidiyyəti qurumların müəyyən formada məsələlərə təsir göstərdiyi müşahidə olunur.
Bununla yanaşı, komitə sədri hesab edir ki, üzə çıxan faktların qarşısının alınması üçün maarifləndirmə işi daha da gücləndirilməlidir.
O bildirib ki, rayonlarda keçiriləcək görüşlər üçün xüsusi qrafik hazırlamaq və mövcud problemlərin daha çox olduğu ərazilərdə bu görüşləri mütəmadi keçirmək müsbət nəticə verə bilər.
Onun sözlərinə görə, qanunların tətbiqi ilə bağlı məsələlər yalnız ümumi müzakirələrlə məhdudlaşmamalı, yerlərdə də gündəliyə gətirilməlidir.
Hicran Hüseynova hesab edir ki, bu məsələlərin təhsil müəssisələrində və universitetlərdə də müzakirə olunmasına ehtiyac var. Onun sözlərinə görə, bir sıra məsələlərlə bağlı əhali ilə mütləq maarifləndirici söhbətlər aparılmalıdır.
Komitə sədri aidiyyəti qurumların və dövlət orqanlarının da bu görüşlərdə deputatlarla birgə çıxış edərək öz münasibətlərini bildirə biləcəyini qeyd edib.