Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə Qusarçay kəndində növbəti səyyar qəbul keçirib.
Qəbulda Qusarçay İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qusarçay, Həsənqala, Ağaverdioba və Balaqusarqışlaq kəndlərinin sakinləri iştirak ediblər.
Vətəndaşlarla birbaşa ünsiyyət şəraitində keçən görüşdə sakinlərin müraciətləri dinlənilib, onları narahat edən sosial, infrastruktur, təsərrüfat və kommunal xidmətlərlə bağlı təkliflər müzakirə olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlər tərəfindən qaldırılan məsələlərə münasibət bildirib, aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, səyyar qəbulların əsas məqsədi vətəndaşların problemlərinin yerindəcə öyrənilməsi və həlli yollarının birlikdə müəyyən edilməsidir.
















