Bakı.Trend:
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsində yerləşən və Ukrayna şairi, yazıçısı Taras Şevçenkonun abidəsinin ucaldıldığı meydana onun adı verilib.
Trend-in əldə etdiyi məlumata görə, sözügedən meydan artıq “Taras Şevçenko meydanı” adlandırılır.
Qeyd edək ki, Bakıda Taras Şevçenkonun abidəsi 2008-ci ildə ucaldılıb. Bürüncdən hazırlanan abidənin müəllifi ukraynalı heykəltaraş İqor Qreçanikdir. Abidə Azərbaycanın paytaxtında Ukrayna xalqının görkəmli şairinə ehtiram əlaməti olaraq yaradılıb.
Taras Şevçenko (1814–1861) Ukrayna ədəbiyyatının ən tanınmış nümayəndələrindən biri, şair, yazıçı və rəssamdır. Onun yaradıcılığı Ukrayna milli ədəbiyyatının formalaşmasında mühüm rol oynayıb.