Bakı. Trend:
Azərbaycanda 2026-cı ilin ilk yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihənin icrası həyata keçirilib.
Maliyyə Nazirliyinin məlumatına görə, layihələrin icrası üçün nəzərdə tutulan 2,7 milyard vəsaitin 810,2 milyon manatı hesabat dövründə istifadə olunub.
Məlumata əsasən, istifadə olunan vəsaitin 337,8 milyon manatı nəqliyyat, 171,2 milyon manatı digər, 151,2 milyon manatı su təsərrüfatı və meliorasiya, 60,9 milyon manatı müdafiə və hüquq-mühafizə, 51,2 milyon manatı sosial, 37,9 milyon manatı isə energetika və sənaye layihələrinə yönəldilib.
Layihələrin sayına görə ən böyük pay su təsərrüfatı və meliorasiya sektorunun payına düşüb. Belə ki, hesabat dövründə bu istiqamətdə 88 layihə icra edilib. Nəqliyyat sahəsində 42, sosial sahədə 63, müdafiə və hüquq-mühafizə istiqamətində 40, digər sahələr üzrə 43, energetika və sənaye sektorunda isə 11 layihə həyata keçirilib.
Dövlət investisiya proqramı üzrə 2026-cı il üçün ümumilikdə 2,7 milyard manat vəsait nəzərdə tutulub. Beləliklə, ilin ilk altı ayında proqram üzrə nəzərdə tutulan vəsaitin təxminən 30 faizi istifadə edilib.
Bununla yanaşı, xarici kreditlər hesabına maliyyələşdirilən investisiya layihələri üzrə də 99,2 milyon manat vəsaitdən istifadə olunub.
Böyük Qayıdış proqramına 1 milyard manatdan çox vəsait yönəldilib
2026-cı ilin ilk yarısında dövlət büdcəsinin investisiya yönümlü əsaslı xərclərinin icrası 4 milyard 188,2 milyon manat təşkil edib.
Bu vəsaitin 1 milyard 64,1 milyon manatı Böyük Qayıdış Proqramına, 810,2 milyon manatı dövlət investisiya proqramına, 2 milyard 313,9 milyon manatı isə digər əsaslı xərclərə yönəldilib.
Böyük Qayıdış Proqramı çərçivəsində 2026-cı il üçün 3,5 milyard manat vəsait nəzərdə tutulub. Yanvar–iyun aylarında bunun 30 faizə yaxın hissəsi icra edilib.
Böyük Qayıdış çərçivəsində ən çox vəsait nəqliyyat layihələrinə – 505,2 milyon manat, sosial layihələrə isə 400,5 milyon manat yönəldilib. Bundan əlavə, energetika və sənaye, müdafiə və hüquq-mühafizə, su təsərrüfatı və meliorasiya, eləcə də digər istiqamətlər üzrə layihələrin maliyyələşdirilməsi həyata keçirilib.