Bakı. Trend:
Azərbaycan eTIR sistemini praktiki olaraq sınaqdan keçirən ilk ölkələr sırasında yer alıb.
Bu barədə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) məlumat yayıb.
Məlumata görə, IRU və İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) regionda avtomobil nəqliyyatı, rəqəmsallaşma və ticarətin asanlaşdırılması sahələrində əməkdaşlığın genişləndirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.
IRU-nun yeni baş katibi Habib Turki ilə ECO-nun baş katibi Asad Xan arasında keçirilən ilk görüşdə təşkilatlar arasında iki onillikdən artıq davam edən tərəfdaşlıq və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
"ECO regionu TIR sisteminin əsas istifadəçilərindən biridir və qlobal miqyasda verilən TIR karnetlərinin 70 faizindən çoxu bu regionun payına düşür. TIR karnetlərinin verilməsi üzrə üç ən böyük ölkə – Özbəkistan, İran və Türkiyə də ECO üzvləridir", - məlumatda vurğulanıb.
Bildirilib ki, ECO ölkələri eTIR sisteminin tətbiqində də ön sıralarda yer alırlar: "Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan eTIR sistemini praktiki olaraq sınaqdan keçirən ilk ölkələr olub. Qazaxıstan və Türkiyə isə bu prosesə qoşulmağa hazırlaşır".
IRU qeyd edib ki, regionda eTIR sisteminin tətbiqinin genişləndirilməsi fasiləsiz və tam rəqəmsal nəqliyyat dəhlizlərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır: "Bu, yüklərin sərhədlərdən daha sürətli və maneəsiz keçməsinə, rəqəmsal proseslərin milli sərhədlərdə dayanması nəticəsində yaranan gecikmə və səmərəsizliyin qarşısının alınmasına imkan verəcək".
Məlumata görə, IRU ECO və üzv ölkələrə eTIR sisteminin, eləcə də ticarətin asanlaşdırılması üzrə digər prioritetlərin inkişafında dəstək göstərməyə hazırdır.
ECO baş katibi Asad Xan effektiv nəqliyyat və tranzit siyasətinin formalaşdırılmasında özəl sektorun iştirakının əhəmiyyətini vurğulayıb. Bu məqsədlə IRU və ECO özəl sektorun ekspert imkanlarının ECO-nun qərar qəbuletmə prosesinə cəlb edilməsi üçün ECO-TIR Assosiasiyalarının Məsləhətləşmə Qrupunu (ECO-TIRACG) yaradıb.
"IRU-nun baş katibi Habib Turkinin 2026-cı il oktyabrın 14-15-də Qazaxıstanın Astana şəhərində keçiriləcək 14-cü ECO Nəqliyyat Nazirlərinin Görüşündə iştirakı nəzərdə tutulur.
Görüş çərçivəsində regional bağlantıların gücləndirilməsi, nəqliyyatın rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması məsələləri müzakirə olunacaq.
IRU və ECO arasında 20 ildən artıqdır davam edən tərəfdaşlıq çərçivəsində bir sıra strateji nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində birgə təşəbbüslər həyata keçirilib. Bunlara Qırğızıstan–Özbəkistan–Türkmənistan–İran–Türkiyə, Tacikistan–Özbəkistan–Türkmənistan–İran–Türkiyə və İslamabad–Tehran–İstanbul dəhlizləri daxildir", - məlumatda qeyd edilib.