Bakı. Trend:
2026-cı ilin yanvar - iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 11 milyard 474,1 milyon manat vergi daxil olub, bu da proqnoza nisbətən 848,1 milyon manat çoxdur.
Bu barədə dövlət xidməti məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 913,3 milyon manat və ya təxminən 8,6 faiz artıb.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8 milyard 488,8 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 251,8 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 898,4 milyon manat və ya 11,8 faiz artıb.
2026-cı ilin yanvar - iyul aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 37,3 milyon manat olub, proqnozdan əlavə 229,4 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2 milyard 687,2 milyon manatdan çox təşkil edib.
Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 143,5 milyon manat olub, proqnozdan əlavə 6,8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 110,2 milyon manata yaxın təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 606,8 milyon manata yaxın olub, proqnozdan əlavə 15,6 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 402,4 milyon manata yaxın təşkil edib.
Qeyd edək ki, maliyyə naziri Sahil Babayev Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı son illər həyata keçirilən islahatların qeyri-neft sektorunun davamlı inkişafını təmin etdiyini bildirib. Onun sözlərinə görə, hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə ÜDM 92,3 milyard manat təşkil edərək ümumi ÜDM-in 71,5 faizinə çatıb ki, bu da əvvəlki illə müqayisədə 2,7 faiz real artım deməkdir.
Nazir qeyd edib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə, qeyri-neft vergilərinin payı isə 25 faizə yüksəlib. O vurğulayıb ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ümumi daxilolmalardakı xüsusi çəkisi son beş ildə 43,3 faizdən 52 faizə yüksəlib və 2026-cı il dövlət büdcəsində bu göstəricinin 57,4 faizə çatdırılması nəzərdə tutulur.
"Qeyd olunan göstəricilərin dinamikası qeyri-neft sektorunun inkişafının və dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılmasının dövlətin əsas prioritet istiqamətlərindən biri olduğunu göstərir. Qeyri-neft sektoru üzrə gəlirlərin artırılması və mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir və məsələ daim nəzarətdə saxlanılır", – deyə Sahil Babayev bildirib.