Bakı. Trend:
2026-cı ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 191 milyon 596,3 min manat məbləğində vəsait geri qaytarılıb.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.
Qeyd edilib ki, bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.
Maliyyə naziri Sahil Babayev Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, son illər həyata keçirilən islahatlar qeyri-neft sektorunun davamlı inkişafını təmin edib. Onun sözlərinə görə, hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə ÜDM 92,3 milyard manat təşkil edərək ümumi ÜDM-in 71,5 faizinə çatıb ki, bu da əvvəlki illə müqayisədə 2,7 faiz real artım deməkdir. Nazir qeyd edib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə, qeyri-neft vergilərinin payı isə 25 faizə yüksəlib. O vurğulayıb ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ümumi daxilolmalardakı xüsusi çəkisi son beş ildə 43,3 faizdən 52 faizə yüksəlib və 2026-cı il dövlət büdcəsində bu göstəricinin 57,4 faizə çatdırılması nəzərdə tutulur.
"Qeyd olunan göstəricilərin dinamikası qeyri-neft sektorunun inkişafının və dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılmasının dövlətin əsas prioritet istiqamətlərindən biri olduğunu göstərir. Qeyri-neft sektoru üzrə gəlirlərin artırılması və mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir və məsələ daim nəzarətdə saxlanılır", – deyə Sahil Babayev bildirib.