Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 2 milyard 395 milyon manat məbləğində investisiya yatırılıb.
Trend-in Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,2 faiz çoxdur.
Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların 1 milyard 935 milyon manatı neft-qaz sektoru, 459,5 milyon manatı isə qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2025-ci ilin yanvar-iun aylarındakı göstəricilərlə müqayisədə xarici maliyyə mənbələrindən Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 35,9 faiz artıb, qeyri-neft-qaz sektoru üzrə isə 23,6 faiz azalıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyard 295,2 milyon manat və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 34,3 faiz, qeyri neftqaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 5,5 faiz artıb.
Ümumi sərmayənin 5 milyard 41,6 milyon manatı (54,2 faizi) məhsul istehsalı sahələrinin, 2 milyard 955,2 milyon manatı (31,8 faizi) xidmət sahələrinin, 1 milyard 298,4 milyon manatı (14,0 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 41,8 faizi dövlət, 58,2 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 74,2 faizini təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iyulun 31-də faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib ki, kredit aktivliyinin artımı fonunda Mərkəzi Bank ölkə iqtisadiyyatı üzrə artım proqnozlarını yeniləyib.
"2026-cı ildə iqtisadi artımın 0,5 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM artımının isə 2,4 faiz olacağını proqnozlaşdırırıq. 2027-ci ildə isə iqtisadi artımın 2,6 faiz, qeyri-neft-qaz sektoru üzrə artımın isə 3,9 faiz təşkil edəcəyini gözləyirik", - deyə AMB sədri bildirib.
T.Kazımov qeyd edib ki, əvvəlki proqnozlarla müqayisədə iqtisadi artım gözləntilərinə yenidən baxılıb. Belə ki, AMB-nin əvvəlki proqnozunda 2026-cı il üzrə ümumi daxili məhsulun (ÜDM) 1,1 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 3,2 faiz artacağı gözlənilirdi. 2027-ci il üzrə proqnozlar isə müvafiq olaraq 3,2 faiz və 4,7 faiz səviyyəsində idi.
AMB sədri vurğulayıb ki, qlobal iqtisadi proseslərə baxmayaraq, Mərkəzi Bankın mövcud monetar siyasət kursunu dəyişməsinə ehtiyac yoxdur.
"Mərkəzi Bankın monetar siyasət çərçivəsində müxtəlif ssenarilər üzrə fəaliyyət planları mövcuddur və dəyişən iqtisadi şəraitə uyğun operativ reaksiya vermək imkanımız var. Hazırda “B planı”na keçidi zəruri edən hər hansı əsas yoxdur və buna görə də belə bir ssenari müzakirə edilmir", - deyə o bildirib.
Onun sözlərinə görə, mövcud makroiqtisadi göstəricilər seçilmiş siyasətin davam etdirilməsi üçün kifayət qədər əsas yaradır.
"Makroiqtisadi şərait və mövcud tənzimləyici göstəricilər hazırkı siyasət kursunun davam etdirilməsi üçün əsas verir. Bu səbəbdən də hazırda seçdiyimiz strategiyanı həyata keçirməyə davam edirik", - deyə T.Kazımov qeyd edib.
AMB sədri əlavə edib ki, bütün mərkəzi banklar mümkün risklərə qarşı alternativ fəaliyyət planları hazırlayır.
"Uğurlu monetar siyasətin əsas şərtlərindən biri yaranan vəziyyətə uyğun ən düzgün qərarı vaxtında qəbul etməkdir. Hesab edirik ki, hazırda həyata keçirdiyimiz monetar siyasət orta və uzunmüddətli perspektivdə iqtisadiyyatın qarşılaşa biləcəyi potensial çağırışlara adekvat cavab verəcək", - deyə o vurğulayıb.