Bakı. Trend: Bakı Arbitraj Mərkəzi ilə “PAŞA Holding” arasında LEGIS Hüquq Forumu layihəsi üzrə rəsmi əməkdaşlığın əsasını qoyan Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd Bakı Arbitraj Mərkəzi adından Mərkəzin İdarə heyətinin Sədri Kəmalə Mehdiyeva, PAŞA Holding adından isə PAŞA Holding MMC-nin Hüquq və Dövlət qurumları ilə əlaqədar funksiyasının direktoru, “LEGIS Hüquq Forumu”un Təşkilat Komitəsinin Sədri, Aytac Qasımova tərəfindən imzalanıb.
Bu Memorandum arbitrajın Azərbaycanda mübahisələrin həlli mexanizmi kimi inkişafında və Bakı Arbitraj Mərkəzinin institusional böyüməsində mühüm addımdır. İmzalanan sənəd iki tərəf arasında uzunmüddətli və məzmunlu tərəfdaşlığın çərçivəsini müəyyən edir.
Əməkdaşlıq çərçivəsində Bakı Arbitraj Mərkəzi və PAŞA Holding arbitraj haqqında maarifləndirməni artırmaq və onun inkişafını təşviq etmək məqsədilə birgə layihələr, nəşrlər, konfranslar və təlim proqramları həyata keçirəcəklər. Tərəflər həmçinin hüquq ictimaiyyəti, tələbələr və gənc mütəxəssislər arasında arbitraj mədəniyyətinin formalaşdırılmasına töhfə verməyi hədəfləyirlər.
Əməkdaşlıq hüquqi yardım sahəsində birgə layihələrin həyata keçirilməsini, müasir texnologiyaların və elmi nəticələrin tətbiqini, birgə seminar, treninq, konfrans və akademik tədbirlərin təşkilini, qanunvericilik sahələri üzrə informasiya mübadiləsini, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında qarşılıqlı əməkdaşlığı əhatə edir.
Kəmalə Mehdiyeva bildirib ki, bu Memorandum arbitrajın Azərbaycanda mübahisələrin həlli mexanizmi kimi inkişafına və Bakı Arbitraj Mərkəzinin institusional böyüməsinə mühüm töhfə verəcək. O əlavə edib ki, LEGIS Hüquq Forumu kimi güclü tərəfdaşla birgə iş bu sahədə maarifçiliyi yeni səviyyəyə qaldıracaq.
Aytac Qasımova isə qeyd edib ki, Forumun əsas hədəfi hüquq təhsili ilə praktikanı bir araya gətirməkdir. O vurğulayıb ki, Bakı Arbitraj Mərkəzi ilə bu əməkdaşlıq gənc hüquqşünaslara arbitraj sahəsində yeni bilik və imkanlar qazandıracaq, eyni zamanda bu sahədə peşəkar mühitin formalaşmasına töhfə verəcək.



