Bakı. Trend:
Şuşada keçirilən IV Qlobal Media Forumu bu il də təkcə media nümayəndələrinin peşəkar dialoq platforması olmaqla kifayətlənmədi. Dünyanın onlarla ölkəsindən gələn jurnalistləri, ekspertləri, media rəhbərlərini və analitikləri bir araya gətirən tədbir Azərbaycanın beynəlxalq gündəlikdə tutduğu yerin, dəyişən geosiyasi reallıqlara baxışının və gələcək inkişaf prioritetlərinin təqdim olunduğu mühüm siyasi platformaya çevrildi. Forum çərçivəsində Prezident İlham Əliyevin müxtəlif ölkələrdən olan media nümayəndələrinin suallarını cavablandırması isə tədbirin əsas məqamı oldu.
Bu barədə Trend-ə politoloq Azər Qarayev.
"Söhbət zamanı regional təhlükəsizlik, nəqliyyat dəhlizləri, enerji siyasəti, ABŞ və Avropa ilə münasibətlər, Mərkəzi Asiya ilə əməkdaşlıq, Yaxın Şərqdə baş verən proseslər, rəqəmsal transformasiya və süni intellekt kimi aktual mövzular müzakirə edildi. Preizdent İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın yaxın illər üçün xarici siyasət və iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini nümayiş etdirdi.
Son illərdə dünya ticarətində baş verən hadisələr göstərir ki, ənənəvi dəniz marşrutları əvvəlki qədər təhlükəsiz və dayanıqlı deyil. Qırmızı dənizdə baş verən insidentlər, Hörmüz boğazı ətrafında yaranan gərginlik və beynəlxalq daşımalara təsir edən geosiyasi risklər quru dəhlizlərinin əhəmiyyətini kəskin şəkildə artırıb", - o bildirib.
Onun sözlərinə görə, bu dəyişikliklər fonunda Azərbaycanın yerləşdiyi coğrafiya tamamilə yeni strateji məna qazanır.
"Prezident İlham Əliyev də məhz bu reallığa diqqət çəkərək bildirib: "hazırda Orta Şərqdəki vəziyyət bu dəhlizi daha cəlbedici edir və əgər siz mübarizənin qaynar dövründə təkcə uçuşların xəritəsinə nəzər salsanız, görərsiniz ki, Azərbaycandan çox dar dəhliz keçir. Eyni vəziyyəti Xəzər dənizi ilə və quru ərazi ilə daşımalara da aid etmək olar. Bir sözlə, bütün həmin meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır". Bu fikir təsadüfi deyil. Son onillik ərzində həyata keçirilən iri nəqliyyat və logistika layihələri məhz bugünkü geosiyasi vəziyyət nəzərə alınaraq planlaşdırılmışdı. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi və genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu, avtomobil yollarının yenilənməsi, gəmiqayırma sənayesinin inkişafı və logistika mərkəzlərinin yaradılması Azərbaycanın tranzit potensialını ciddi şəkildə gücləndirib. Prezident İlham Əliyevin sözlərinə görə, artıq mövcud infrastrukturun genişləndirilməsi istiqamətində yeni layihələr hazırlanır. Xəzərdə ən böyük limanın imkanlarının 25 milyon tona çatdırılması, yeni yük gəmilərinin tikilməsi və tranzit qabiliyyətinin artırılması Azərbaycanın uzunmüddətli planlarının tərkib hissəsidir", - A.Qarayev bildirib.
Politoloq qeyd edib ki, Orta Dəhlizin uğurunun əsas şərtlərindən biri də Mərkəzi Asiya ölkələri ilə qurulan etibarlı əməkdaşlıqdır.
"Son illərdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər ölkələr arasında nəqliyyat, logistika və enerji sahələrində əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Prezident İlham Əliyev qeyd edib ki, qonşularla qarşılıqlı əlaqələr olmadan, siz heç zaman tranzit ölkəyə çevrilməyəcəksiniz. Əgər qonşularınızla münasibətləriniz pisdirsə, bu o deməkdir ki, heç nə alınmayacaq: "Şərq və Qərbdəki qonşularla - istər Mərkəzi Asiya ölkələri, istərsə də Gürcüstan, Türkiyə və Avropa kimi yaxın qonşularımızla qarşılıqlı fəaliyyət çox yaxşıdır". Bu yanaşma göstərir ki, Bakı regionda rəqabət deyil, əməkdaşlıq modelini irəli sürür. Mərkəzi Asiya ilə əlaqələrin inkişafı artıq yalnız yükdaşımaları ilə məhdudlaşmır. Enerji, rəqəmsallaşma, yaşıl enerji, investisiyalar və sənaye əməkdaşlığı da yeni tərəfdaşlıq gündəliyinin əsas istiqamətlərinə çevrilib", - o bildirib.
A.Qarayev vurğulayıb ki, forumun diqqət çəkən mövzularından biri də Azərbaycan-ABŞ münasibətləri oldu. Prezident İlham Əliyevin sözlərinə görə, Vaşinqtonla əməkdaşlıq son illərdə tamamilə yeni mərhələyə qədəm qoyub.
"Siz Birləşmiş Ştatlar ilə Azərbaycan arasında münasibətlər haqqında soruşdunuz. Deyərdim ki, həmin münasibətlər Tramp Administrasiyası ilə Azərbaycan arasında əladır və biz çox şadıq ki, o əlaqələr həqiqətən strateji tərəfdaşlıq səviyyəsinə qalxıb". Prezident İlham Əliyev qeyd etdi ki, artıq enerji təhlükəsizliyi, süni intellekt, rəqəmsal transformasiya, müdafiə sənayesi, ticarət və investisiyalar üzrə yaradılmış işçi qrupları konkret layihələr üzərində çalışırlar. Bu isə münasibətlərin siyasi bəyanatlardan praktiki əməkdaşlığa keçdiyini göstərir. Eyni zamanda Prezident İlham Əliyev uzun illər Azərbaycan üçün problem olaraq qalan 907-ci düzəliş məsələsinə də toxundu: "Bütün bunlar göstərir ki, həmin düzəliş tamamilə köhnəlib və tam ləğv edilməlidir." Bu bəyanat Azərbaycanın yeni regional reallıqlar fonunda Vaşinqtondan da fərqli siyasi yanaşma gözlədiyini nümayiş etdirir", - politoloq bildiirb.
Onun sözlərinə görə, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri də forumun əsas mövzularından biri oldu.
"Son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəhbərlərinin Bakıya ardıcıl səfərləri tərəflər arasında dialoqun yeni mərhələyə keçdiyini göstərir. Prezident İlham Əliyev bu prosesi belə qiymətləndirdi: "Yeni Komissiya ilə münasibətlərimiz yaxşılaşmağa başladı". Prezident İlham Əliyev qeyd etdi ki, bu ilin cəmi bir neçə ayı ərzində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Azərbaycana səfər ediblər. Bu intensiv diplomatik təmaslar enerji təhlükəsizliyi, nəqliyyat, yaşıl enerji və regional əməkdaşlıq sahələrində yeni imkanlar açır.
Bununla yanaşı, Prezident Avropa Şurası Parlament Assambleyası ilə yaranmış problemlərə də toxundu və Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi: "Onlar Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu bərpa etməlidirlər və ondan sonra Azərbaycanın nümayəndə heyəti qayıdacaq". Bu mövqe Bakının beynəlxalq təşkilatlarla münasibətlərdə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipindən çıxış etdiyini göstərir", - A.Qarayev bildirib.
Politoloq qeyd edib ki, Avropada enerji təhlükəsizliyi məsələsinin aktuallığını qoruduğu bir dövrdə Azərbaycanın əhəmiyyəti daha da artır.
"Son illərdə qaz ixracının coğrafiyası davamlı şəkildə genişlənir. Prezident İlham Əliyev bildirdi ki, artıq Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və onların 14-ü Avropa dövlətidir: "Bu ildən etibarən Almaniya və Avstriyaya qaz ixracına başlamışıq. Bu, qlobal, xüsusilə də Avropa qaz bazarında mövqeyimizi genişləndirməyə yönəlmiş ümumi strategiyamızın tərkib hissəsidir". Prezident İlham Əliyev vurğuladı ki, yeni qaz yataqlarının işlənməsi və "ACG Deep Gas" layihəsi ixrac potensialını daha da artıracaq. Bununla yanaşı, ölkədə bərpaolunan enerji layihələrinin sürətlə inkişaf etdirilməsi daxili qaz istehlakını azaldacaq və əlavə ixrac imkanları yaradacaq. Onun sözlərinə görə, 2032-ci ilə qədər 8 giqavat bərpaolunan enerji gücünün yaradılması planlaşdırılır. Bu isə Azərbaycanın enerji siyasətində uzunmüddətli və balanslaşdırılmış yanaşmanın göstəricisidir", - A.Qarayev deyib.
Onun sözlərinə görə, forum zamanı maraq doğuran məsələlərdən biri də Azərbaycanın beynəlxalq sistemdəki roluna dair qiymətləndirmələr oldu.
"Prezident İlham Əliyev bununla bağlı bildirdi ki, son illərdə müxtəlif beynəlxalq ekspertlər Azərbaycanı artıq "orta güc" kimi xarakterizə edirlər: "Azərbaycanı orta güc adlandırırlar və səmimi desəm, mən buna etiraz etmirəm". Prezident İlham Əliyev bu statusu yalnız iqtisadi göstəricilərlə əlaqələndirmədi. Onun fikrincə, əsas meyar milli maraqları müdafiə etmək, təhlükəsizlik sahəsində müstəqil qərarlar qəbul etmək, regional proseslərə təsir göstərmək və məsuliyyət daşımaq bacarığıdır. Bu yanaşma Azərbaycanın son illərdə beynəlxalq nüfuzunun artmasının məntiqi nəticəsi kimi qiymətləndirilə bilər", - o bildirib.
A.Qarayev qeyd edib ki, enerji və nəqliyyat layihələri ilə yanaşı, Prezident İlham Əliyev Azərbaycanın gələcək inkişaf modelində yüksək texnologiyaların xüsusi yer tutacağını da vurğuladı.
"Onun sözlərinə görə, gündəliyimizin əsas istiqamətlərindən biri də rəqəmsal transformasiyanın və süni intellektin inkişafıdır: "Bu yaxınlarda mən həmin məsələlərin əlaqələndirilməsi məqsədilə xüsusi Sərəncam imzaladım və bununla da bu sahə üzrə müvafiq komissiya, birgə işçi qrup, yəni vahid şura yaradıldı. Şübhəsiz ki, enerji təhlükəsizliyi bundan sonra da qlobal gündəliyin əsas mövzularından biri olaraq qalacaq". Bu istiqamət ölkənin iqtisadiyyatının şaxələndirilməsi strategiyasının mühüm elementidir. Süni intellekt, rəqəmsal iqtisadiyyat və innovasiyalar artıq yalnız texnoloji deyil, həm də milli təhlükəsizlik və iqtisadi rəqabət qabiliyyəti baxımından prioritet hesab olunur", - o bildirib.
Politoloq vurğulayıb ki, Yaxın Şərqdə və regionda müşahidə olunan gərginliklər fonunda Prezident İlham Əliyev Azərbaycanın mövqeyini də açıqladı.
"Onun sözlərinə görə, ölkənin əsas məqsədi regionda davamlı sülhün təmin olunmasıdır: "Bizim yeganə istəyimiz sərhədlərimiz boyu sülhün hökm sürməsidir". Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan uzun illər müharibə şəraitində yaşadığı üçün sülhün və sabitliyin dəyərini yaxşı anlayır. Məhz buna görə də Bakı bütün regional münaqişələrin beynəlxalq hüquq prinsipləri əsasında həllinin tərəfdarı olaraq qalır. Bu yanaşma təkcə Ermənistanla münasibətlərə deyil, həm də Yaxın Şərqdə və digər regionlarda baş verən proseslərə Azərbaycanın baxışını əks etdirir", - A.Qarayev bildirib.
Onun sözlərinə görə, IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan artıq regional məsələlərin müzakirə olunduğu məkan deyil, qlobal geosiyasi gündəliklə bağlı fikir mübadiləsinin aparıldığı mühüm platformalardan birinə çevrilib.
"Prezident İlham Əliyevin forum zamanı səsləndirdiyi fikirlər Azərbaycanın qarşıdakı illər üçün əsas prioritetlərini aydın şəkildə ortaya qoydu. Orta Dəhlizin inkişafı, Mərkəzi Asiya ilə inteqrasiya, ABŞ və Avropa ilə yeni əməkdaşlıq formatları, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və sülh siyasəti göstərir ki, Bakı dəyişən beynəlxalq münasibətlər sistemində öz rolunu daha da gücləndirməyə çalışır.
Şuşadan verilən mesajlar həm region, həm də beynəlxalq ictimaiyyət üçün aydın idi: Azərbaycan yalnız baş verən geosiyasi dəyişikliklərə uyğunlaşmır, eyni zamanda yeni əməkdaşlıq platformalarının formalaşmasında fəal iştirak edən və gələcəyin gündəliyini müəyyənləşdirməyə çalışan dövlət kimi çıxış edir", - politoloq əlavə edib.