Bakı. Trend:
Azərbaycan 30-cu Ümumdünya İnvestisiya Konfransında təmsil olunub.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Cenevrədə 30-cu Ümumdünya İnvestisiya Konfransında iştirak edib, Vyetnam Sosialist Respublikasının Xarici İnvestisiyalar Agentliyinin baş direktorunun müavini ilə görüşüb.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfər çərçivəsində 10-11 noyabr tarixlərində Ümumdünya İnvestisiyaların Təşviqi Agentlikləri Assosiasiyasının (WAIPA) təşkilatçılığı ilə keçirilən 30-cu Ümumdünya İnvestisiya Konfransında (WIC 2026) iştirak edib.
Konfrans çərçivəsində “Qlobal investisiyaların növbəti onilliyi” mövzusunda Nazirlərin Dəyirmi Masası təşkil olunub. İqtisadiyyat nazirinin birinci müavini tədbirdə Azərbaycanda formalaşdırılmış əlverişli biznes mühiti, investisiya siyasətinin əsas prioritetləri və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, investorlar üçün yaradılan imkanlar diqqətə çatdırılıb. İnvestisiyaların təşviqi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, o cümlədən WAIPA kimi beynəlxalq təşkilatların rolunun əhəmiyyəti vurğulanıb.
WIC 2026 müxtəlif ölkələrdən hökumət nümayəndələrini, beynəlxalq təşkilatları və biznes dairələrinin təmsilçilərini bir araya gətirib. Konfransda qlobal investisiya tendensiyaları, dəyişən geosiyasi və iqtisadi şəraitdə investisiyaların cəlb edilməsi, beynəlxalq investisiya əməkdaşlığının gücləndirilməsi müzakirə olunub.
Konfrans çərçivəsində Elnur Əliyev Vyetnam Sosialist Respublikasının Xarici İnvestisiyalar Agentliyinin baş direktorunun müavini xanım Bui Thu Thuy ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Vyetnam arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qarşılıqlı ticarət mübadiləsinin artırılması, enerji, nəqliyyat-logistika, turizm və digər sahələrdə əməkdaşlıq imkanları, eləcə də iki ölkənin biznes dairələri arasında əlaqələrin inkişafı diqqət mərkəzində olub.


