Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino dünya çempionatının genişləndirilməsi ideyasından imtina edib. Bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, o, dünya çempionatının keçirilmə hüquqlarının bir hissəsinin satılması planları ətrafında yaranan qalmaqaldan sonra üzərindəki təzyiqi azaltmaq məqsədilə belə qərar qəbul edib. Bildirilir ki, yenidən prezident seçiləcəyi təqdirdə İnfantino həm milli komandalar, həm də klublar səviyyəsində dünya çempionatının genişləndirilməsində israr etməyəcək.
“The Times” avqust ayında İnfantinonun Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) 2030-cu il dünya çempionatında iştirakçı komandaların sayının 64-ə çatdırılması təklifini dəstəklədiyi barədə məlumat yaymışdı. Nəşrin qeyd etdiyi kimi, turnirin genişləndirilməsinin tərəfdarı olan İnfantino daha çox milli komandaya dünya çempionatında iştirak imkanı yaratmaqla yanaşı, öz vəzifəsini qorumaq üçün zəruri səsləri toplamaq məqsədilə daha geniş ölkələr koalisiyasının dəstəyini qazanmağa çalışırdı.