Bakı. Trend:
“GL” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ümumi dəyəri 800 min manat olan istiqrazları dövlət qeydiyyatına alınıb.
Bu barədə qiymətli kağızların dövlət qeydiyyatına alınmasına dair məlumatda qeyd olunub.
Məlumata görə, şirkət iki emissiya üzrə ümumilikdə 8 min ədəd istiqraz buraxıb. Hər bir istiqrazın nominal dəyəri 100 manatdır.
İlk emissiya üzrə 3 min ədəd istiqrazın ümumi nominal dəyəri 300 min manat, ikinci emissiya üzrə 5 min ədəd istiqrazın dəyəri isə 500 min manat təşkil edir.
Hər iki emissiya kütləvi təklif üsulu ilə yerləşdirilib və 9 oktyabr 2026-cı il tarixində dövlət qeydiyyatına alınıb.
"GL Group" 2019-cu ildə yaradılmış Azərbaycanın özəl enerji şirkətidir. Şirkət 2024-cü ilin mayında fəaliyyətini genişləndirərək enerji sahəsində bir neçə şirkəti birləşdirən qrupa çevrilib.
"GL Group" Azərbaycanda “Kürsəngi”, “Qarabağlı”, “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqlarında neft-qaz əməliyyatları həyata keçirir. Şirkətin fəaliyyət istiqamətlərinə neft-qaz hasilatı, qazma işləri və texniki xidmətlər daxildir; 2024-cü ildən etibarən Türkiyədə, 2026-cı ildən isə ABŞ-da enerji aktivləri üzrə fəaliyyətini genişləndirib.