Bakı. Trend:
Şəmkirdə 2013-cü ildə Kifayət Məhərrəmovanın öldürülməsi ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın zorakılıq əlamətləri olan meyitinin 2013-cü il avqustun 5-də yaşadığı mənzildə aşkar edilməsi faktı üzrə başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılıb.
İstintaqla 1989-cu il təvəllüdlü Xəyal Məmmədovun tamah məqsədilə qanunsuz olaraq qadının mənzilinə daxil olub, qatlanan cib bıçağı ilə ona çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Onun daha sonra mənzildən ümumilikdə təxminən 3 min manat dəyərində pul və qızıl-zinət əşyalarını talayaraq hadisə yerindən uzaqlaşmasına da əsaslı şübhələr müəyyən olunub.
2026-cı il sentyabrın 22-də təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş Xəyal Məmmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə yenidən ittiham elan edilib.
İttiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiqlənərək cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.