Bakı.Trend:
Qarşıdan gələn istilik mövsümündə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan Avropa İttifaqına (Aİ) təbii qaz tədarükü, demək olar ki, əvvəlki səviyyədə qalacaq.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) “Global Gas Security Review 2026” hesabatında qeyd olunur.
BEA analitiklərinin qiymətləndirməsinə görə, mövcud marşrutlar üzrə qaz nəqli, bir qayda olaraq, layihə gücünə yaxın səviyyədə həyata keçirildiyindən boru kəmərləri ilə qaz tədarükünün artırılması imkanları məhduddur.
Hesabatda bildirilir ki, Avropaya boru kəmərləri ilə qaz idxalının əvvəlki istilik mövsümü ilə müqayisədə cüzi azalacağı gözlənilir. Norveçdən Avropanın digər ölkələrinə qaz tədarükünün "Ormen Lange" yatağında hasilatın dayandırılması səbəbindən illik müqayisədə 1 faiz (1 milyard kubmetr) azalacağı proqnozlaşdırılır. Hasilatın dayandırılmasının 2027-ci ilin yanvar ayının sonunadək davam edəcəyi gözlənilir.
Bu itkilərin Şimali Afrikadan boru kəmərləri vasitəsilə qaz tədarükünün artması hesabına qismən kompensasiya olunacağı bildirilir. Belə ki, 2026-cı ilin ilk doqquz ayında müşahidə olunan tendensiyaya uyğun olaraq, bu regiondan tədarükün illik müqayisədə 4 faiz (0,5 milyard kubmetr) artacağı gözlənilir.
“Azərbaycanın TAP vasitəsilə Avropa İttifaqına təbii qaz ixracı, demək olar ki, dəyişməz qalacaq və nəql həcmlərinin boru kəmərinin layihə gücünə yaxın olacağı gözlənilir”, – hesabatda qeyd olunur.
BEA-nın proqnozuna əsasən, Rusiyanın Aİ-yə boru kəmərləri vasitəsilə qaz tədarükü də 2025/2026-cı illərin istilik mövsümündəki səviyyəyə yaxın qalacaq. Buna səbəb Rusiya boru kəməri qazının idxalına tam qadağanın yalnız 2027-ci ilin dördüncü rübündə qüvvəyə minməsinin nəzərdə tutulmasıdır.
Agentlik, həmçinin qeyd edir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropa İttifaqına qaz ixracı ötən ilin müvafiq dövrünün göstəricilərinə yaxın olub.
Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin Avropa hissəsidir və Azərbaycanının “Şahdəniz” yatağından hasil olunan təbii qazın Avropa bazarlarına çatdırılmasını təmin edir. Boru kəmərinin uzunluğu 877 kilometrdir. O, Yunanıstan-Türkiyə sərhədindən başlayaraq Yunanıstan və Albaniya ərazisindən keçir, Adriatik dənizini kəsərək İtaliyanın cənub sahillərinə çatır.
TAP-ın ilkin ötürücülük gücü ildə 10 milyard kubmetr təşkil edir. Bu göstəricinin 20 milyard kubmetrədək artırılması mümkündür.