Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp reper Niki Minajı Ağ Evin mətbuat katibi vəzifəsinə təyin etməyi nəzərdən keçirəcəyini bildirib. O, bu barədə jurnalist Benni Consonun sualını cavablandırarkən danışıb.
Bu barədə "Benny Show" X səhifəsində video paylaşılıb.
“Bu, nəzərdən keçirmək üçün yaxşı fikirdir. Bu barədə düşünəcəyəm”, - deyə ABŞ lideri müvafiq suala cavabında bildirib.
Bundan sonra Tramp elə Consonun da bu vəzifənin öhdəsindən pis gəlməyəcəyini qeyd edib.
Daha əvvəl Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çun zarafatla Niki Minajın yeni mətbuat katibi vəzifəsinə təyin olunmasını təklif etmişdi. O, həmçinin təyyarənin göyərtəsində reperlə söhbətinin videosunu yayımlamışdı.
Niki Minaj (Nicki Minaj) – Trinidad və Tobaqoda anadan olmuş, ABŞ-da fəaliyyət göstərən reper, müğənni və bəstəkardır. O, müasir hip-hop musiqisinin tanınmış qadın ifaçılarından biri hesab olunur və “Super Bass”, “Starships” və “Anaconda” kimi hit mahnıları ilə məşhurlaşıb.
2025-ci ilin sonlarından etibarən Minaj Donald Trampa açıq dəstək nümayiş etdirməyə başlayıb. O, 2026-cı ilin yanvarında özünü ABŞ prezidentinin “bir nömrəli fanatı” adlandıraraq ona dəstəyinin dəyişməyəcəyini bildirib.