Bakı. Trend:
İsraildə parlament seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı yaranan siyasi dalandan çıxış yolu kimi Baş nazirin birbaşa seçilməsi sisteminin bərpası müzakirə olunur. Müxalifət nümayəndələri bu seçkilərin Knessetin (parlamentin) buraxılmasına ehtiyac olmadan keçirilməsi imkanını nəzərdən keçirirlər.
Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, seçkilərdən sonra siyasi bloklardan heç biri hökuməti formalaşdırmaq üçün tələb olunan çoxluğu əldə edə bilməyib. Baş nazir Benyamin Netanyahunun bloku 53, müxalifət 48, ərəb partiyaları isə 19 mandat qazanıb.
Netanyahunun blokundan kənarda qalan deputatların ümumi sayı 67 olsa da, müxalifət liderləri arasındakı fikir ayrılıqları və ərəb partiyalarına arxalanmaq istəməmələri alternativ koalisiyanın formalaşdırılmasını çətinləşdirir.
Nəşrin məlumatına görə, müzakirə olunan təşəbbüs “Netanyahunun 2021-ci il birbaşa seçki modeli” adlandırılıb. Həmin vaxt Netanyahunun özü parlament buraxılmadan və növbədənkənar parlament seçkiləri keçirilmədən baş nazirin birbaşa seçilməsini təklif etmişdi.
Bundan əlavə, müxalifət dairələrində Baş nazirin vəzifədə qalma müddətinin iki müddət və ya ümumilikdə 8 illə məhdudlaşdırılması ehtimalı da müzakirə olunur. Belə bir məhdudiyyət Netanyahunun yenidən namizədliyini irəli sürmək imkanını aradan qaldıra bilər.
İsraildə Baş nazirin birbaşa seçilməsi sistemi 1996, 1999 və 2001-ci illərdə tətbiq olunub. Sonradan bu sistemdən imtina edilərək parlament idarəetmə modelinə qayıdılıb.
Hazırda hər iki təşəbbüs siyasi müzakirə mərhələsindədir və hələ razılaşdırılmış qanun layihəsi formasına salınmayıb.