Bakı. Trend:
AMB sədri 2027–2030-cu illəri əhatə edəcək maliyyə sektorunun inkişaf strategiyasının hazırlanması prosesinin də yekunlaşmaq üzrə olduğunu açıqlayıb.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.
"2027–2030-cu illər üzrə maliyyə sektorunun inkişaf strategiyasının hazırlanması demək olar ki, başa çatıb. Qarşıdakı dövrdə onu sizə təqdim edəcəyik və hər il strategiyanın necə icra edilməsi ilə bağlı hesabat verəcəyik", - deyə T.Kazımov bildirib.
O, hazırkı 2022–2026-cı illər üzrə maliyyə sektorunun inkişaf strategiyasının icra vəziyyətinə də toxunub.
"Qarşımıza qoyduğumuz hədəflərin və təşəbbüslərin təqribən 85 faizini indiyədək icra etmişik. Düşünürəm ki, bu, yaxşı göstəricidir. Amma komandamız olaraq istəyirik ki, bu rəqəm daha yüksək olsun", - deyə AMB sədri qeyd edib.
Onun sözlərinə görə, 2026-cı ilin nəticələri üzrə strategiyanın icrası ilə bağlı geniş hesabat gələn ilin birinci rübündə təqdim ediləcək.
"2026-cı ilin strategiyasının necə icra olunduğu, harada çətinliklərimizin və harada uğurlarımızın olduğu barədə gələn ilin birinci rübündə sizə hesabat verəcəyik. Son 3–4 ildə bizim kommunikasiya yanaşmamız tamamilə dəyişib. Uğurlarımızı da, uğursuzluqlarımızı da sizinlə paylaşacağıq", - deyə T.Kazımov əlavə edib.