Bakı. Trend:
ABŞ prezidentinin həyat yoldaşı Melaniya Tramp Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kirill Dmitriyevin Xerson vilayətinin Alyoşki şəhərində həyata keçirilən humanitar missiya çərçivəsində amerikalı jurnalistlərin müşahidəçi qismində iştirakına dair sözlərini təsdiqləyib.
“Newsmax telekanalının dörd amerikalı jurnalisti Rusiya və Ukrayna tərəflərindən olan humanitar missiya rəhbərlərini müşayiət edərək Alyoşki şəhərində olacaqlar. Neytral müşahidəçilər qismində çıxış edərək, onlar müstəqil şəkildə çəkiliş aparacaq və bu tarixi humanitar missiyanın gedişini sənədləşdirəcəklər”, – ABŞ-ın birinci xanımı Dmitriyevin eyni mövzuda paylaşımına münasibət bildirərək X sosial şəbəkəsində yazıb.
Rusiya Silahlı Qüvvələri Alyoşki şəhərində humanitar əməliyyata hazırlıqla əlaqədar oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan etibarən Xerson istiqamətində atəşkəs rejimi tətbiq edib.
Bundan əvvəl Rusiya və Ukrayna Melaniya Trampın vasitəçiliyi ilə Xerson vilayətinin Alyoşki şəhərində humanitar yardımın çatdırılmasını təmin etmək və mülki əhalinin xüsusi təhlükəsiz dəhliz vasitəsilə təxliyəsinə hazırlıq görmək məqsədilə atəşkəs barədə razılığa gəliblər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sentyabrın 21-də Alyoşki şəhərindəki humanitar vəziyyəti kritik adlandırıb. Kiyevin atəşə tutması və pilotsuz uçuş aparatları ilə hücumları səbəbindən şəhərə nə ərzaq, nə də dərman preparatları çatdırmaq mümkündür.
Əvvəllər şəhərdə yaşayan 20 min nəfərdən hazırda Alyoşkidə cəmi 1 000-dən bir qədər çox insan qalır.