Bakı. Trend:
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərdə 3 milyon 239,3 min gecələmə qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, gecələmələrin 55,9 faizi Bakının payına düşüb. Bu göstərici Qusarda 5,2 faiz, Naftalanda 5,1 faiz, Xaçmazda 4,7 faiz, Qəbələdə 3,9 faiz, Qubada 3,4 faiz, Lənkəranda isə 3 faiz olub.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı illik müqayisədə 4,7 faiz azalaraq 1 milyon 845,6 minə enib. Onların payına ümumi gecələmələrin 57 faizi düşüb.
Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin gecələmələrində Türkiyə vətəndaşları 12,1 faizlə ilk yerdə qərarlaşıb. Sonrakı yerləri Rusiya vətəndaşları 11,3 faiz, İsrail vətəndaşları isə 9,2 faizlə tutub. Səudiyyə Ərəbistanının payı 6 faiz, Hindistanın 5,8 faiz, Çinin isə 5,4 faiz olub.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin gecələmələrinin 81,4 faizi Bakıda, 5,4 faizi Naftalanda, 5,1 faizi Qusarda, 2,8 faizi Qəbələdə, 1,3 faizi Qubada qeydə alınıb.
Azərbaycan vətəndaşlarının hotellərdə keçirdiyi gecələmələrin sayı isə 1 milyon 393,7 min olub. Bu, ümumi gecələmələrin 43 faizini təşkil edib.