Bakı. Trend:
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə beşinci könüllü milli hesabatını 2027-ci ildə təqdim etməyi planlaşdırır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çərşənbə günü Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.
O bildirib ki, Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında 30 ildən artıqdır ki, tərəfdaşlıq münasibətləri mövcuddur. Bu müddət ərzində ölkədə dayanıqlı inkişafın təmin edilməsi və müvafiq institusional potensialın gücləndirilməsi istiqamətində birgə fəaliyyət həyata keçirilib.
Nazir müavininin sözlərinə görə, DİM dialoqları hökumət, BMT sistemi, beynəlxalq maliyyə institutları və özəl sektor nümayəndələrinin iştirakı ilə təşkil olunur. Bu platformalar dayanıqlı inkişaf sahəsində prioritetlərin müzakirəsi və tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
S.Bəşirli qeyd edib ki, Azərbaycanın dövlət proqramları və strateji sənədləri DİM-lərlə uzlaşdırılıb. Hazırda 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasının icrası ilə yanaşı, 2027–2030-cu illəri əhatə edəcək yeni strategiyanın hazırlanması istiqamətində işlər aparılır.
O vurğulayıb ki, Azərbaycan indiyədək DİM-lər üzrə dörd könüllü milli hesabat təqdim edib və bu baxımdan dünyada belə hesabatları ən çox təqdim edən beş ölkədən biridir.
“Hazırda beşinci könüllü milli hesabat üzərində işləyirik və onun 2027-ci ildə təqdim edilməsi nəzərdə tutulur”, – deyə nazir müavini bildirib.
S.Bəşirli DİM-lərin regional səviyyədə lokallaşdırılmasının Azərbaycanın dayanıqlı inkişaf gündəliyində yeni mərhələ olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu istiqamətdə Şuşa və Naxçıvan seçilib, müvafiq fəaliyyətlərin həyata keçirilməsi üçün regionlarda tədbirlər təşkil olunub.
O qeyd edib ki, cari ilin mart-aprel aylarında regionlara səfərlər edilib, Qarabağ Universitetində və Naxçıvan Dövlət Universitetində DİM-lərin lokallaşdırılmasına həsr olunmuş tədbirlər keçirilib. Universitetlər bu prosesdə fəal iştirak edir və müvafiq yol xəritəsi hazırlanıb.
Nazir müavini, həmçinin bir neçə gün əvvəl Xankəndidə Azərbaycan ilə BMT arasında gələcək tərəfdaşlığın müzakirəsinə həsr olunan “Dayanıqlı İnkişaf Məqsədləri anı” adlı yüksək səviyyəli strateji dialoqun keçirildiyini bildirib.
O, beynəlxalq gündəlikdə iqlim dəyişikliyi ilə mübarizənin də xüsusi yer tutduğunu vurğulayıb. S.Bəşirlinin sözlərinə görə, COP31 ərəfəsində milli səviyyədə müəyyən edilmiş töhfələrin icrası və enerji sektorunun dekarbonizasiyası məsələləri xüsusi aktuallıq kəsb edir.
Nazir müavini Azərbaycanın BMT ilə əməkdaşlığının gələcəkdə də dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına, regional təşəbbüslərin genişləndirilməsinə və beynəlxalq tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.