Bakı. Trend:
Azərbaycan və Niderlandın “C. Steinweg Group” şirkəti arasında logistika və investisiya əməkdaşlığını müzakirə edilib.
Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
"Beynəlxalq logistika, yükdaşıma və liman əməliyyatları sahələrində ixtisaslaşan Niderlandın “C. Steinweg Group” şirkətinin baş icraçı direktoru Ulf Boll ilə görüş keçirdik.
Görüşdə Orta Dəhlizin inkişaf perspektivləri, Azərbaycanın tranzit və logistika imkanlarının genişləndirilməsi, liman və nəqliyyat infrastrukturunun modernləşdirilməsi, eləcə də şirkətin Azərbaycanda fəaliyyətinin və investisiyalarının genişləndirilməsi imkanlarını müzakirə etdik.
Həmçinin beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılması, Orta Dəhliz vasitəsilə yeni yük axınlarının cəlb edilməsi və AZCON Holding şirkətləri ilə potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.


