Bakı. Trend:
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası rəqəmsal gələcək: Rəqəmsallaşma və süni intellekt dövrünə qədəm qoyan cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal səriştə” mövzusunda panel müzakirəsi təşkil olunub.
Trend-in müxbiri xəbər verir ki, müzakirədə süni intellektin inkişafı, rəqəmsal transformasiyanın cəmiyyətlərə təsiri, mədəni müxtəlifliyin qorunması, rəqəmsal bərabərsizliklərin aradan qaldırılması və texnologiyaların etik tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirədə çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov bildirib ki, ölkədə dövlət xidmətlərinin göstərilməsində istifadə olunacaq Azərbaycandilli süni intellekt modelləri hazırlanır.
Onun sözlərinə görə, qlobal texnologiya şirkətləri 10 milyonluq bazar üçün Azərbaycan dilində süni intellekt modelləri hazırlamaqda maraqlı olmaya bilərlər. Buna görə də ölkə bu imkanları öz resursları hesabına formalaşdırır.
“Bu, bizim üçün suverenlik məsələsinə çevrilib”, – deyə nazir müavini vurğulayıb.
R.Həsənov qeyd edib ki, vətəndaşların dövlətlə əlaqəsi üçün vahid platforma olan my.gov tətbiqində nitqin mətnə çevrilməsi və ilk agent əsaslı xidmətlərin tətbiqinə başlanılıb. İlin sonunadək bu xidmətlərin sayının artırılması nəzərdə tutulur.
Nazir müavini, həmçinin, rəqəmsal savadlılığın artırılmasının əhəmiyyətinə toxunaraq bildirib ki, “Rəqəmsal Üfüqlər” proqramı çərçivəsində 275 qurumdan 25 mindən çox dövlət qulluqçusuna təlim keçirilməsi planlaşdırılır.
UNESCO-nun Stellenboş Universitetində Mədəniyyətlərarası Kompetensiya üzrə kafedrasının rəhbəri Darla Deardorff bildirib ki, rəqəmsal mühitdə mədəniyyətlərarası səriştə yalnız texniki biliklər və müxtəlif dillərdə ünsiyyət qurmaq bacarığı ilə məhdudlaşmır. Onun sözlərinə görə, qarşılıqlı anlaşma, empatiya, fərqli baxışlara hörmət və insan mərkəzli yanaşma rəqəmsal ünsiyyətin əsasını təşkil etməlidir.
Mədəniyyətlərarası öyrənməni dəstəkləyən “Constellations” təşkilatının təsisçisi və prezidenti Şarlott Kotrua dövlət xidmətlərinin rəqəmsallaşdırılması zamanı bütün əhali qruplarının ehtiyaclarının nəzərə alınmasının vacibliyini vurğulayıb. O, Azərbaycanın ASAN xidmət modelini uğurlu nümunə kimi qiymətləndirərək, xüsusilə səyyar xidmətlərin ucqar yaşayış məntəqələrində dövlət xidmətlərinə çıxışı asanlaşdırdığını bildirib.
Azərbaycan Milli Süni İntellekt Mərkəzinin kommersiya işləri üzrə direktoru Ülfan Əliyev isə hüquqi məlumatlara çıxışın asanlaşdırılmasında süni intellektin rolundan danışıb. O qeyd edib ki, hüquq sahəsində tətbiq olunan süni intellekt sistemləri Azərbaycan dilində və yerli məlumat mənbələri əsasında öyrədilməlidir. Çünki hüquqi mətnlərin sadə tərcüməsi belə onların mənasının dəyişməsinə səbəb ola bilər.
UNESCO-nun Sosial Transformasiyaların İdarəolunması və Gələcəklər Bölməsinin rəhbəri Irakli Pedelli süni intellektin etik istifadəsinə görə məsuliyyətin yalnız istifadəçilərin üzərinə qoyulmamalı olduğunu bildirib. Onun sözlərinə görə, rəqəmsal texnologiyaların hazırlanması və tətbiqi prosesində tədqiqatçılar, mühəndislər, dövlət qurumları və tənzimləyici strukturlar da məsuliyyət daşımalıdır.
Paneldə, həmçinin, rəqəmsal mühitdə irqçilik, ayrı-seçkilik, stereotiplər və qərəzli yanaşmalarla mübarizənin əhəmiyyəti diqqətə çatdırılıb. Süni intellekt sistemlərinin hazırlanması mərhələsindən etibarən inklüzivlik, mədəni müxtəliflik və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinin nəzərə alınmasının vacibliyi vurğulanıb.
Müzakirənin sonunda rəqəmsal transformasiyanın insan mərkəzli yanaşma əsasında həyata keçirilməsi, texnologiyaların bütün cəmiyyət üzvləri üçün əlçatanlığının təmin olunması və bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

