Bakı.Trend:
Özbəkistanın Daşkənd şəhərindəki İslam Sivilizasiyası Mərkəzi ölkənin tarixi irsini və dünya sivilizasiyasına töhfəsini təqdim etmək, həmçinin Azərbaycanla elmi, təhsil və mədəni əlaqələri gücləndirmək məqsədi daşıyır.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Bakıdakı Beynəlxalq Muğam Mərkəzində keçirilən İslam Sivilizasiyası Mərkəzinin təqdimat mərasimində və “Özbəkistan və Azərbaycan: ortaq tarixi irs, İslam sivilizasiyası və müasir elmi əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı səsləndirib.
O, Azərbaycan və Özbəkistan xalqlarının intellektual və mənəvi irsinin qorunmasının vacibliyini vurğulayıb.
Səfir qeyd edib ki, Böyük İpək Yolu əsrlər boyu ölkələrimizi birləşdirərək biliklərin, ideyaların və mədəni nailiyyətlərin mübadiləsinə şərait yaradıb.
Diplomat Məhəmməd əl-Xarəzmi, Əbu Reyhan Biruni, İbn Sina, Mirzə Uluqbəy, Nizami Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzuli kimi görkəmli alim və mütəfəkkirlərin irsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu gün qarşıda duran vəzifə elm, təhsil və mədəni dialoqu inkişaf etdirməklə əcdadların intellektual və mənəvi ənənələrini davam etdirməkdir.
B.Aşrafxanov İslam Sivilizasiyası Mərkəzini Özbəkistanın zəngin tarixi irsini və dünya sivilizasiyasının inkişafına verdiyi töhfəni beynəlxalq ictimaiyyətə tanıtmağa yönəlmiş genişmiqyaslı elmi-təhsil təşəbbüsü kimi səciyyələndirib.
O, Mərkəzin yaradılmasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xüsusi rolunu da qeyd edib. Diplomat xatırladıb ki, müvafiq təşəbbüs dövlət başçısı tərəfindən 2017-ci ildə BMT Baş Assambleyasının 72-ci sessiyasında irəli sürülüb.
Səfirin sözlərinə görə, bu layihə əcdadların əvəzsiz irsinin qorunmasını, onun müasir dünya üçün əhəmiyyətinin üzə çıxarılmasını və gələcək nəsillərə ötürülməsini nəzərdə tutan strateji baxışı əks etdirir.
Diplomat vurğulayıb ki, Mərkəzin əsas vəzifəsi tarixi irsi yeni elmi kəşflər və nailiyyətlər üçün ilham mənbəyinə çevirməkdir.
O, həmçinin Özbəkistanla Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik çərçivəsində inkişaf etməkdə davam etdiyini bildirib. Bu prosesdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Azərbaycan Prezidenti İlham Əliyev arasında dialoq mühüm rol oynayır.
Diplomat gələcək əməkdaşlığın prioritet istiqamətləri sırasında iki ölkənin elmlər akademiyaları, universitetləri, muzeyləri və elmi-tədqiqat müəssisələri arasında qarşılıqlı fəaliyyəti, tarixi irsin birgə araşdırılmasını və gənc alimlərə dəstək təşəbbüslərinin həyata keçirilməsini qeyd edib.
“Əminəm ki, bugünkü konfrans bu əməkdaşlığa yeni təkan verəcək”, — deyə səfir bildirib.
O, Daşkənddəki İslam Sivilizasiyası Mərkəzinin yeni kəşflər və beynəlxalq dialoq üçün platformaya çevriləcəyinə, Daşkəndlə Bakı arasında elmi, mədəni və humanitar əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.