Bakı. Trend:
Azərbaycanda 2026-cı ilin ilk səkkiz ayında elektron dövlət satınalmaları üzrə 453,7 milyon manat qənaət əldə olunub. Ümumi qənaət göstəricisi 14,4 faiz təşkil edib.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Aparatının rəhbərinin müavini Orxan Məmmədov cümə axşamı Bakıda keçirilən dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfransda deyib.
O bildirib ki, elektron satınalmaların həcminin artması dövlət satınalmalarında rəqəmsallaşmanın genişləndiyini, proseslərin əlçatanlığının yüksəldiyini və rəqabət mühitinin inkişafı istiqamətində müsbət dinamikanın formalaşdığını göstərir.
“2026-cı ilin yanvar-iyul aylarında keçirilmiş elektron satınalmaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz, məbləği isə 10,5 faiz artıb. Həmin dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 1,5 olub”, - deyə o qeyd edib.
O.Məmmədovun sözlərinə görə, səkkiz ay ərzində əldə olunan 453,7 milyon manatlıq qənaət elektron satınalmalar üzrə təsdiq edilmiş qiymətlə ehtimal olunan qiymət arasındakı fərqin ehtimal olunan qiymətə nisbəti əsasında hesablanıb.
“Bu nəticələr dövlət satınalmalarında rəqabət mexanizmlərinin tətbiqi, qiymətlərin optimallaşdırılması və dövlət maliyyə resurslarından səmərəli istifadə baxımından əhəmiyyətlidir”, - deyə agentlik rəsmisi vurğulayıb.
O bildirib ki, dövlət satınalmalarında əsas məqsədlərdən biri bütün iştirakçılar üçün bərabər imkanların yaradılması, rəqabətin təşviqi və büdcə vəsaitlərindən qənaətlə istifadə olunmasıdır. Bu istiqamətdə elektron satınalmaların vahid internet portalı olan “E-tender” platforması mütəmadi olaraq təkmilləşdirilir.
“Portalın əsas hədəfləri dövlət satınalmalarında səmərəliliyin artırılması, büdcə vəsaitlərindən qənaətlə istifadə, satınalmalara əlçatanlığın genişləndirilməsi və rəqabət mexanizmlərinin inkişaf etdirilməsidir. Dövlət qurumları ilə inteqrasiyalar sahibkarlar üçün əlavə rahatlıq yaradır, prosesləri sürətləndirir və sənədlərin əldə olunması ilə bağlı maneələri azaldır”, - deyə O.Məmmədov bildirib.
O qeyd edib ki, Maliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində elektron satınalma portalı ilə elektron müqavilə altsistemi arasında inteqrasiya həyata keçirilib. Bu inteqrasiya satınalma prosesinin müxtəlif mərhələlərində məlumat mübadiləsini avtomatlaşdırmağa imkan verir.
“Portalda şərtlər toplusu tam elektronlaşdırılıb və təchizatçılar təkliflərini elektron formatda təqdim edə bilirlər. Məlumatlar maşın tərəfindən oxuna bilən formatda olduğuna görə satınalma prosesi başa çatdıqdan sonra müvafiq məlumatlar elektron müqavilə altsisteminə ötürülür. Müqavilə imzalandıqdan sonra onun məlumatlarının analitik məqsədlərlə yenidən portala ötürülməsi də nəzərdə tutulan qarşılıqlı məlumat mübadiləsinin bir hissəsidir”, - deyə o vurğulayıb.
Agentlik rəsmisi bildirib ki, portalda süni intellektin tətbiqinə də başlanılıb. Hazırda bu texnologiya satınalan təşkilatlara şərtlər toplusunu hazırlayarkən tövsiyələr verir və mümkün məhdudlaşdırıcı şərtləri müəyyənləşdirməyə kömək edir.
“Süni intellekt burada tövsiyə xarakteri daşıyır. Satınalan təşkilat şərtlər toplusunu hazırlayarkən sistem vasitəsilə mümkün nöqsanlar barədə xəbərdarlıq və təhlil hesabatı əldə edə bilər. Beləliklə, həmin nöqsanları nəzarət orqanının və ya komissiyanın qiymətləndirməsindən əvvəl aradan qaldırmaq imkanı yaranır. Qərarların qəbulu isə müvafiq nəzarət orqanları tərəfindən həyata keçirilir”, - deyə O.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, bu yanaşma mümkün problemlərin əvvəlcədən aşkarlanmasına və şikayətlərin sayının azaldılmasına kömək edə bilər.
O.Məmmədov əlavə edib ki, elektron satınalma portalı üzərindən şikayətlərin nəzarət orqanına avtomatik ötürülməsi də təmin edilib. Bu mexanizm təchizatçılara müraciətlərinin vəziyyətini izləməyə və şikayətlərini müvafiq satınalma prosesi ilə əlaqələndirməyə imkan verir.
“Şikayətlərin rəqəmsal qaydada təqdim olunması və izlənilməsi bizim üçün vacib alətdir. Satınalma ilə bağlı şikayət qiymətləndirmə zamanı nəzərə alınır və qəbul edilən qərara təsir göstərə bilər. Şikayətlər əsasında əvvəllər verilmiş qərarların ləğv edildiyi hallar da olub. Buna görə sahibkarları qarşılaşdıqları problemləri bizimlə bölüşməyə çağırırıq”, - deyə o bildirib.
Agentlik rəsmisi portalda elektron imza imkanlarının da genişləndirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, “Asan İmza” və “SİMA Token” vasitəsilə yanaşı, artıq “SİMA İmza” ilə də sənədlərin imzalanması mümkündür. Bu yenilik sahibkarların platformadan istifadəsini asanlaşdırır və seçim imkanlarını artırır.